YENİLƏNDİ: Qoşulmama Hərəkatının sammiti başladı
Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.
Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.
Qəbul edilməsi gözlənilən sənədlərə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.
Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü sabah başa çatacaq.
XVIII Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
08:56
Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII sammiti işinə başlayacaq.
Rakus.az xəbər verir ki, sammitdə 158 ölkə və beynəlxalq təşkilat iştirak edir.
Sammit zamanı təşkilata sədrlik 3 il müddətinə Azərbaycana keçəcək.
Sammitdə dörd sənədin qəbul ediləcəyi gözlənilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq.