Quba-Xınalıq yolu bağlandı
Martın 20-də baş verən qar uçqunları səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Həmin istiqamətdəki 7 kəndlə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Rakus.az xəbər verir ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-38-ci kilometrliyində, ona yaxın yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-4 metrə çatır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnikaları və canlı qüvvəsi gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsinə başlayıb.
Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə qar yağıb. Ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 28 santimetrə çatıb. (AZƏRTAC)