Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi
Qurban bayramı ilə bağlı aidiyyəti qurumların mətbuat katibləri və 50-dək jurnalist vətəndaşlara çağırış edib.
Rakus.az xəbər verir ki, Qurban bayramı günlərində heyvan kəsiminin həyata keçiriləcəyi stasionar və çadırtipli kəsim məntəqələrində son tamamlama və hazırlıq işləri yekunlaşıb.
Bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 50-dək jurnalistin iştirakı ilə heyvan kəsimi məntəqələrində infotur təşkil edilib.
Tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların təhlükəsizlik tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib, məntəqələrdə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda bayram günlərində mediya nümayəndələrinin də iştirakı ilə ictimai nəzarət tədbirlərinin gücləndirilməsi üçün birgə fəaliyyətin həyata keçirilməsi müzakirə olunub.
Prosesi izləyib mövcud vəziyyəti yerində qiymətləndirən mediya nümayəndələrinin sualları cavablandırılıb və əhalinin maarifləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə media nümayəndələri də vətəndaşlara müraciət ediblər.
Müraciətdə bildirilir: “Hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunan Qurban bayramı özündə milli-mənəvi həmrəyliyi, bərabərliyi, humanizm və qardaşlığı, xeyirxahlığı və mərhəmət duyğularını ehtiva edir. Müqəddəs bayram günündə insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlam mühitdə yerinə yetirmələri əhalinin sağlamlığı üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan Qurban bayramında insanların təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, küçə və yol kənarlarının, parkların və ictimai yerlərin təmizliyinin qorunması üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir.
Sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınmasına yol verilməməlidir. Eyni zamanda qurbanlıq heyvanlar kəsimdən əvvəl və sonra mütləq müvafiq baytarlıq müayinəsindən keçirilməlidir. Bu heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.
Qurban bayramında heyvan kəsimi və satışını həyata keçirən şəxslərə bir daha müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli kəsim məntəqələrində həyata keçirməyə çağırırıq.
Gəlin unutmayaq ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir”.