Qusar: İmtiyazlı şəxslərlə görüş keçirildi - FOTO
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin üzvləri ilə görüşüb.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov İcra Hakimiyyətinin akt zalında Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin üzvləri ilə görüşmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
O, müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini qeyd edib. Ş.Alxasov, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, onlardan gələn fikir və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini bildirib.
Görüşdə rayonun sosial müdafiə sahəsində atılan addımlardan, aparılan islahatlardan, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən və bu sahədə mövcud problemlərdən danışılıb. Qaldırılan məsələlər arasında bu kategoriyadan olan vətəndaşların mənzil və torpaq sahəsi ilə təmin olunması, fərdi evlərin tikintisinə köməkliyin göstərilməsi, evlərin qaz və su xətlərinə birləşdirilməsi və digər məişət yönümlü problemlər yer almışdır. Görüş, müzakirələrin aparılması, iştirakçıların rəy və təkliflərin dinlənilməsi formatında davam edib.
Görüşdə Milli Məclisin deputatı Azər Badamov iştirak edib. O qeyd edib ki, ölkəmizdə Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinin üzvlərinə həmişə diqqət və qayğı ilə yanaşılıb, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bu sahədə mövcud problemlərinin həlli üçün Prezident İlham Əliyev tərəfindən mühüm və əhəmiyyətli tədbirlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban xanım Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüşlər keçirməsi, onlarla səmimi söhbətlər etməsi, onları evlərlə təmin edilməsi, müavinətlərlə bağlı əlavə tədbirlərin görməsi, birdəfəlik müavinətlərin verilməsi və bu sahədə görülən bir çox digər tədbirlər, ölkə Prezidentinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə əlillərinə dərin ehtiramının, diqqət və qayğısının əyani təzahürü olduğunu qeyd edib.