Rafael Ağayev Portuqaliyada getməyəcək
Karateçilərimiz Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaq.
Rakus.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 15 idmançıdan ibarət heyət iştirak edəcək. Bu ay anasını itirmiş millimizin lideri Rafael Ağayev (-75 kq) bu yarışda mübarizə aparmayacaq.
Karateçilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Kata çıxışlarında Roman Heydərov (fərdi) və Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət (komanda) iştirak edəcək.
Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq.
Ümumdünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq. Turnir sabah başlayacaq və mayın 2-də başa çatacaq. Bu, karate millimiz üçün İstanbul Premyer Liqasından sonra ilin ikinci yarışı olacaq.