“Repressiya dövrü və mətbuat” mövzusunda açıq dərs keçirildi - FOTO
Dekabrın 4-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Repressiya dövrü və mətbuat” mövzusunda açıq dərs təşkil edilib. Üçüncü kurs tələbələrinə tədris edilən “Sovet dövrü mətbuatı” fənni çərçivəsində keçirilən açıq dərsdə fakültənin müəllim və tələbə kollektivi iştirak edib. Fənn müəllimi, Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Dünyəminqızı tədbiri giriş sözü ilə açaraq keçən əsrin 30-cu illərinin ikinci yarısında tüğyan edən repressiyaların təkcə mətbuatımıza deyil, ümumilikdə Azərbaycan tarixinə qanlı hərfllərlə yazıldığını qeyd edib. O, həmçinin bildirib ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları baxımdan belə tarixi hadisələri araşdırmaları, öyrənmələri əsas şərtdir. “Mövzunu tələbələr özləri seçiblər. Düşünürəm i, bu, onların tariximizə biganə yanaşmamalarından xəbər verir. Necə deyərlər, keçmişinə güllə atanı gələcək topa tutar. Gərək hər bir azərbaycanlı gənci öz tarixini öyrənsin. Bu, indiki dövrdə xüsusilə vacibdir”-deyə Əməkdar jurnalist əlavə edib.
Ardınca tələbələr Ürfət Mirzəyev, Gülayə Mecid və Günəş Mərdiyeva hazırladıqları təqdimatlar əsasında çıxışlara başlayıblar. Onların konkret dövr haqqında dolğun və dəqiq məlumatları dinləyicilərin maraqlarına səbəb olub.
Doxsan dəqiqə davam edən açıq dərsin sonunda Mətbuat tarixi və ideoloji iş kafedrasının dosentləri Aygün Əzimova, Sima Rəhimova, habelə müəllimlər Samir Xalidoğlu, Güney Firidunbəyli, Günel İsgəndər və digərləri tələbələrin təşəbbüslərini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, belə tədbirlər tələbələrin müəllimlim peşəsinin çətinliyini başa düşmək, gənc jurnalistləri tədqiqatlara cəlb etmək baxımından da xüsusi əhəmiyyətə malikdir.
Sonda çıxışçılar onlara göstərilən etimada görə təşəkkür ediblər.
Günel Abbasova,
BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi