Raç Kapurun aktyor oğlu xərçəngdən vəfat etdi
Məşhur Bollivud aktyoru Rişi Kapur vəfat edib.
Rakus.az xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 68 yaşlı aktyor Mumbay şəhərinin xəstəxanalarından birində vəfat edib.
Rişi Kapur əfsanəvi hind kino xadimi – rejissor və aktyor Rac Kapurun oğlu idi.
Bir çox ekran əsərlərində yer almış aktyor daha çox “Bobbi” filmindəki rolu ilə məşhurdur.
Onu Bollivudda oynayan bu ailənin yaşlı nəslinin son ulduzu adlandırırdılar.
Ailədə Çintu adlandırılan Rişi Kapurun ilk ciddi rolu atasının “Mənim adım Kloundur” (Mera Naam Joker, 1970) filmində olub. Aktyor ilk böyük uğurunu atası Rac Kapurun rejissoru olduğu “Bobbi” (Bobby, 1973) filmindəki rolundan sonra əldə edib. Rişi həmin il Hindistanda ilin aktyoru seçilib. Çintu adətən Hindistan kinosu üçün vacib olan romantik sevgili rollarını ifa edib.
Tamaşaçılar onu həmçinin “Qisas alan” (Barood, 1976), “Amar, Əkbər, Antoni (Amar, Akbar, Antoni, 1977), “Sevgi əzabı” (Prem Rog, 1982), “Çandni” (Chandni, 1989), “Kor məhəbbət” (Fanaa, 2006) və s. filmlərindən tanıyır.