Rövşən Yerfinin “Qubanın ağ alması”
Dillər əzbəri olan “Qubanın ağ alması” mahnısına Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, onlarla kitabın müəllifi Rövşən Yerfi tamamilə başqa bir müstəvidən yanaşıb.
Rakus.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan essenin xüsusi əhəmiyyət kəbs etməyinə baxmayaraq yazıçı maraqlı bir giriş verib:
“Buyurun, YENİ kiçik ESSEm (istəyən oxumaya bilər) …”
Kim tərəfindən ifa edilməsinə fərq qoymadan, dinləməkdən heç vaxt yorulmadığım xalq mahnılarından biri, bəlkə də birincisi “Qubanın ağ alması”dır. Bu mahnı əhvalımdan asılı olmayaraq daim xəyalımı məndən alıb ümmanlara aparır.
Çox adamlar “Qubanın ağ alması”nı almaya həsr olunan mahnı kimi qəbul edirlər. Heç də belə deyil. Diqqətlə yanaşılarsa, bu mahnı – həsrət qarışıq ümid dolu, eşq duyğulu, ruhu oxşayan, bənzəri olmayan bir xalq mahnısıdır.
Qubanın ağ alması, ay aman
yeməyə yar alması…
İlk misralardan alma meyvədən çox obraz, sevgi timsalıdır. Onun ağlığı paklıq mənasındadır. Ag eyni zamanda xoşbəxtlik işığının rəngidir.
Almanın şirin, yeməli olması bağda bitməsində yox, yar tərəfindən bəxş edilməsindədir. Yar alması – cənnət alması, həyat rəmzidir.
Yarım gələnə qalıb,
yaramın sağalması.
Aşiq səbrlə gözləyir, dərdinin çarəsini, eşq yarasının sağalmasını yarının gəlməyində, ona qovuşmasında görür.
Qubadan alma aldım, ay aman
yarıma yola saldım…
Burada alma yenə simvoldur, səadət nişanəsidir. Almanın məhz Qubadan alınıb yara göndərilməsi, təkcə Quba almasının dadlılığı deyil, həm də iki sevgilidən ən azından birinin Qubaya bağlılığı anlamını yaradır.
Yarım gələnə kimi,
heyva kimi saraldım.
Aşiq istəkli yarını gözləyən müddətdə həsrətdən heyva sayaq saraldığını ərz eləyir.
Alma təki şirin sevgini tərənnüm edən bu gözəl, çox da böyük olmayan, yığcam və mənalı xalq mahnısı sonda nikbin, məhəbbət etiraflı nəqarat ilə bitir.
Sevirəm, sevirəm, yar,
Səni mən, yar,
Sevirəm, yar, yar.
Ürəklərə sevgi paylayan belə gözəl mahnıdan sonra Qubanı, onun ağ almasını sevməmək mümkün deyil…
07.2019