“Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Rayona, qonşu kəndə gedəndə ermənilər bizə sataşırdılar” adlı veriliş Loru mahalının Barana rayonunun Yuxarı Körpüli kənd sakini Elçin Nəbiyevin həyat hekayəsinə həsr olunub.
O, 1965-ci ildə anadan olduğunu, uşaqlıq, orta məktəb və kənd həyatı illərində gözəl yayulaqları, bulaqları olan kənddə ailəlikcə əsasən meyvəçiliklə məşğul olduqlarını deyib.
Onun sözlərinə görə, ermənilər son illərdə camaata qarşı çox sərtləşmişdilər: “Rayon mərkəzinə, qonşu Aşağı Körpülü kəndinə kinoya baxmağa, konserv zavoduna gedəndə ermənilər bizə sataşır, əlbəyaxa dava düşürdü. Nənələrimiz, babalarımız deyirdilər ki, 1915, 1937, 1938-ci illərdəki köç vaxtı da ermənilər onlara əziyyət verib, azərbaycanlılarla qarşı düşmənçiliyi daim aparıblar. 1988-ci ildə onlar lap quduzlaşdılar. Bizi heç sevmirdilər, açıq-askar dava-qalmaqal salırdılar. Sovet əsgərləri hər şeyə göz yumurdu. 1988-ci ilin noyabr ayında köç başlayanda 23 yaşım var idi. Gözəlli məhəlləsində ermənilər ot tayasını yandırdılar. Kənddəki həkimin maşınını əzdilər, özünü də döydülər. Kəndin briqadirini də vurdular. Rus əsgərləri ermənilərin şəxsi maşınlarında oturub bu hadisələri seyr edirdilər. Rus əsgərlərinin silahları hamısı ermənilərdə idi. Camaat heç nə deyə bilmirdi. Cavanlar kəndi mühafizə edirdik. Artıq saqqallı ermənilər rus əsgərləri ilə kəndə girdilər. Daha orada qalmaq mümkün deyildi. 1988-ci ilin noyabr ayının 27-də ailəmiz Marneuli rayonunun Beytarafçı kəndinə gəldik. Atamın bacısı orada yaşayırdı, 6-7 ay orada qaldıq və sonra Bakıya gəldik. Hətta evimizi belə dəyişməyə icazə vermədilər. Evlərin 99%-i təmənnəsiz olaraq ermənilərə qaldı. Maşındakı arı yeşiklərini belə ermənilər yerə töküb dağıtdılar”.
Yuxarı Körpüli kənd sakini bildirib ki, Gürcüstanın Marneuli rayonunun birinci katibinin göstərişi ilə Borçalı camaatı bizə çox kömək etdi: “Ermənilər onlardan ehtiyat edib bizim camaatın üstünə çox gəlmədilər. Yoxsa camaatı orada qıra bilərdilər. Bizim kənd coğrafi möqe olaraq sərhəddə idi. Qazağın kəndlərinə, Marneuli rayonunun kəndlərinə piyada gedib-gəlirdik”.
E.Nəbiyev sonda Vətən həsrəti, doğma yurda qayıdış ümidilə yaşadıqlarını söyləyib: “İnanırıq ki, Vətən həsərətimizə son qoyulacaq. Kəndimizə qayıtmağı, ogözəl torpaqlarımızda yenə gəzmək, bulaqlardan su içmək istəyirəm. Allah-Təala bunu bizə qismət edəcək”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş mayın 2-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.