Rusiya MiQ-29-un axtarışına qoşulur – AZƏRBAYCANDA
Rusiyanın Xəzər donanmasının mütəxəssisləri də qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışına qoşulacaq.
Rakus.az xəbər verir ki, bu barədə RİA “Novosti” Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyevə istinadən məlumat yayıb.
Axtarış dəstəsinə 50-yə yaxın adam, “Anatoli Qujvin” hidroqrafik gəmi, “SB-45” xilasedici buksirli gəmi daxildir. Həmçinin axtarışa bir neçə sualtı aparatın cəlb edilməsi planlaşdırılır.
Axtarış sahəsi 600 kvadrat metrdən çox, dərinlik 40 metrə qədərdir. Xəzər donanmasının dəstəsi iki sutkadan sonra axtarış işlərinə başlamağı planlaşdırır.
Oxşar hadisə 2008-ci ildə də baş verib. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi təyyarəsi təxminən həmin yerdə dənizə düşüb. Sonradan pilotlardan birinin meyiti tapılıb. Qəzanın səbəbləri barədə rəsmi məlumat verilməyib.
Xatırladaq k, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 24-də Bakı vaxtı ilə saat 22.00-a yaxın təlim-məşq uçuşları keçirən MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi təyyarə sahildən 20 kilometr aralıda dənizə düşüb. İyulun 24-də Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin və onun pilotu Rəşad Atakişiyevin axtarışı hələ nəticə verməyib.