Tədbirdə çıxış edən general-mayor Aleksey Sanoçkin Azərbaycanın nasist Almaniyası üzərinə qələbədə SSRİ-nin əsas güc mərkəzlərindən biri olduğunu xatırladıb:
“Faşistlərə qarşı müharibədə Sovetlər İttifaqı texnikasının 90 faizi Azərbaycanın, Bakının nefti ilə çalışıb. O zaman Bakı cəbhəni neftlə, yanacaqla təmin etməsəydi, qələbə mümkün olmazdı. Bu, danılmaz faktdır. Azərbaycanlılar arxa cəbhədə olduğu kimi ön cəbhədə də igidliklər göstəriblər. Bu gün Qafur Məmmədovun və İsrafil Məmmədovun qəhrəmanlıqlarını xatırlayan zaman insan qürur hissi keçirir. Yeni nəsil bu qəhrəmanları tanımalıdır”.
Tədbirdə çıxış edən ehtiyatda olan birinci dərəcəli kapitan Henrix Lukin, Böyük Vətən Müharibəsi veteranı Mariya Simirnova və digərləri faşizm üzərində qələbədə azərbaycanlı qəhrəmanların tarix yazdıqlarını bildiriblər:
“Bu müharibə Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil və Qafur Məmmədovlar kimi çoxlu sayda azərbaycanlı qəhrəmanları üzə çıxarıb. Ona görə də, bu qəhrəmanların xatirəsi hər zaman əziz tutulmalı və əbədiləşdirilməlidir. Qələbənin 75 illik yubileyi bunun üçün yaxşı fürsətdir”.
Qeyd edək ki, bundan öncə, Moskvanın Qərb İnzibati Dairəsi üzrə Milli Mədəni Muxtariyyəti Həzi Aslanovun xatirəsinin Rusiya paytaxtında əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə Rusiyanın Hərbçi Ailələri İttifaqı və Prezident yanında hərbi-mülki münasibətlər üzrə daimi Komissiya tərəfindən Prezident Vladimir Putinə və Moskva meri Sergey Sobyaninə Həzi Aslanovun adına küçə və ya yeni tikilən metro stansiyalarından birinin adının verilməsi üçün müraciət olunub.