Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri professor Hacı Həsənov Azərbaycan torpaqlarının rus imperiyası tərəfindən necə planlı şəkildə parçalamasından danışıb.
O bildirib ki, Azərbaycan torpaqları quberniyalara hissə-hissə bölünməsi, ermənilərin Qafqaza köçürülməsi, erməni vilayətinin yaradılması, dərbənddən İrəvana qədər torpaqlarımızın itirilməsi birbaşa rusların planlı imperiya layihəsi idi.
Tarixçi Rusiyanın Cənubi Qafqazda xristian dayağını necə qurması, Azərbaycan dövlətçiliyinə qarşı 300 illik siyasətinin nədən ibarət olmasından söz açıb və deyib ki, ermənilər Rusiyanın əlində siyasi silaha çevrildi: “Ermənilərin dövlət xülyası imperiya planları ilə üst-üstə düşdü. Ermənistanın bugünkü iddiaları məhz həmin tarixi ssenariyə söykənir. Rusiya Azərbaycan torpaqlarını planlı şəkildə parçaladı. Türkmənçay müqaviləsindən sonra ermənilərin köçürülməsi gizli razılaşmanın nəticəsi idi”.
H.Həsənov Şimali Qafqaz imamətinin başçısı Şeyx Şamilin Rusiyanın mahiyyətini necə ifşa etməsi, Rusiyanın Qafqaz siyasətinin görünməyən tərəfləri, Cənubi Qafqazda erməni kartı, eləcə də Osmanlıya qarşı qurulan oyunun Cənubi Qafqaza necə gəlməsi ilə bağlı maraqlı faktlar açıqlayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş dekabrın 24-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.














