Rusiyanın səfirliyi qarşısında etiraz aksiyası keçirildi
Bakıda bir qrup şəxs Rusiyanın səfirliyi qarşısında azərbaycanlı jurnalist Fuad Abbasovun deportasiya edilməsi məqsədi ilə Moskvada saxlanmasına etiraz olaraq aksiya keçirib.
Rakus.az xəbər verir ki, öncə polis etirazçıları binaya yaxın buraxmayıb və onlar avtobus dayanacağında sıraya düzülərək Fuad Abbasovun azad edilməsini və saxlanma zamanı ona qarşı güc tətbiq edənlərin cəzalandırılmasını tələb edib.
Sonradan aksiya iştirakçılarını binaya buraxıblar. Səfirliyin nümayəndəsi onların qarşısına çıxıb və etirazçıların tələblərinin rəhbərliyə çatdırılacağını vəd edib.
O qeyd edib ki, diplomatik missiya Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayır və məsələnin qanun çərçivəsində həllini gözləmək lazımdır.
Ötən gün Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri Fuad Abbasova baş çəkib.
Mayın 22-də də Rusiyanın Bakıdakı səfirliyinin qarşısında Fuad Abbasova dəstək aksiyası keçirilib.
Jurnalist F.Abbasov 2015-ci ildə Rusiya telekanallarnda Rusiya hərbi təyyarəsinin Türkiyədə məhv edilməsinin müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.
Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilmişdi.
Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.
Son vaxtlar Fuad Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməsinə görə tənqid edib və Rusiyada yaşayan azərbaycanlıların partiya yaradacağını anons edib.