S400 əndişəsi – Tramp Ağ evdə Ərdoğanı gözləyir – TƏHLİL - FOTO
“Donald Tramp bu həftənin çərşənbə axşamı günü Ağ evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması məsələsini qaldıracaq”.
Rakus.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayan bildirib.
O, CBS tele kanalına müsahibədə Birləşmiş Ştatların Türkiyənin Rusiyadan S-400 sistemləri almasından “çox məyus” olduğunu deyib.
Onun sözlərinə görə, əgər NATO müttəfiqi bu sistemdən qurtulmasa, Türkiyə ABŞ sanksiyaları ilə qarşılaşa bilər.
O`Brayan Trampın Ərdoğana bu mesajı verəcəyini bildirib.
Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini, F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını və Rusiya kəşfiyyatına yardım edəcəyini hesab edir. Tramp administrasiyası Türkiyəni F-35 proqramından iyul ayında çıxarıb.
Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-la münasibətlərdə gərginliyin artmasına səbəb olub.
Tramp bu həftənin cümə axşamı günü Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.