Sağlamlığımızı qorumaqla dövlətə dəstəyimizi göstərməliyik – Deputat
“Son günlər Azərbaycanda koronavirusa yoluxan şəxslərin sayının artmasına səbəb insanların karantin qaydalarına düzgün riayət etməməsi, laqeydlik və səhlənkarlıq göstərməsidir. Hökumətin karantin qaydalarını yumşaltmasından sui-istifadə edən bir çox vətəndaşlar vəziyyətin hələ də gərgin olmasını, virusun bitmədiyini nəzərə almadan məsuliyyətsiz davranmaqdadır. Vətəndaşlar anlamırlar ki, onlar təkcə özlərinin deyil, minlərlə, on minlərlə insanın sağlamlığına və həyatına təhlükə yaradırlar. Ən əsası isə bu təhlükə bütöv cəmiyyətimizi və dövlətimizi də ağır sınaqlar qarşısında qoyur. Bir vətəndaşın yoluxması sayın kəskin artmasına və dövlətin ümumi strateji planlarına ciddi təsirlər göstərir. Bu, təkcə tibbi baxımdan deyil, ümumi iqtisadi-sosial vəziyyətə ciddi təsir edən zərərlərdir”. Rakus.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
A.Hüseynov qeyd edib ki, Azərbaycan bu virusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlər görməkdədir: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində koronavirusun ölkəmizə yayılmasının qarşısının alınması üçün operativ qabaqlayıçı addımlar atılır. Dövlətimizin və səhiyyəmizin bütün imkanları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edilib. Cənab Prezidentin də bəyan etdiyi kimi, , bizim üçün vətəndaşının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür. Bu siyasətə uyğun olaraq ölkəmizin səhiyyə infrastruturları, o cümlədən 30-dan çox xəstəxana, “Yeni klinika”, yeni quraşdırılan 10 modul tipli səhiyyə müəssisələri koronavirus xəstələrinin müaicəsi üçün səfərbər olunur. Dövlət son aylarda pandemiya ilə mübarizəyə on milyonlarla manat vəsait yönəldib. Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıbdır. Modul xəstəxanaların tikintisinə 10 milyon manat xərclənib. Bir koronavirus xəstəsinin müalicəsinə gündəlik 80-150 manat sərf edilir. Eyni zamanda, digər tibbi və sosial xərclər, həkimlərin əməkhaqqısına əlavə ödəmələrvə digər xərclərin məbləği də nəzərə alındıqda dövlətin böyük həcmdə vəsaitlər xərclədiyini görmək olar. Lakin vətəndaşlar bu cür geniş tədbirləri sanki başa düşmürlər, onların sərgilədiyi məsuliyyətsizlik sayəsində virusa yoluxma halları artır”.
Millət vəkili bildirib ki, pandemiya səbəbindən ölkə iqtisadiyyatı hər gün milyonlarla manat itirir, çünki iqtisadi fəallıq azalır, məhdudiyyətlər iş yerlərinin dayanmasına, real sektorlardan daxil olan əlavə dəyərlərin aşağı düşməsinə gətirib çıxarır: Hökumət bu çətin şəraitdə vətəndaşa maddi dəstək olur, sahibkarlara, müxtəlif sahələrdə çalışanlara və işsizlərə milyonlara manat dəstək göstərməkdədir. Maliyyə tutumu 2,5 milyard manat olan dəstək proqramları çərçivəsində bu gün dövlətin maliyyə dəstəyi davam etməkdədir. Nəzərə alsaq ki, bütün bu tədbirlər dövlətin gəlirlərinin azalması şəraitində baş verir. Məhz belə bir şəraitdə vətəndaşlar üzərinə düşən məsuliyyəti dərindən dərk etməldir. Onlar anlamalıdırlar ki, bir nəfərin sosial məsuliyyətsizliyi ümumilikdə dövlətin səhiyyə sisteminin, iqtisadi-sosial siyasətinin xeyli zəifləməsinə gətirib çıxarır, iqtisadi proqramlarını dayanıqlılığını ləngidir. İqtisadiyyatımızım zəifləməsi isə dövlətin iqtisadi və sosial proqramlarının təxirə salınmasına səbəb ola bilır. Məsələn, hökumət hər il büdcənin imkanları artan zamanı ilk növbədə bu vəsaitləri sosial sahələrə yönəldir, pensiya, maaş, təqaüdlər artırılır, sosial yardımın əhatəsi genişləndirilir. Büdcəmizin artan imkanları həm də ordumuzun maddi-texniki bazasının güclənməsi deməkdir.
Biz bu gün işğalçı Ermənistanla müharibə şəraitində yaşayırıq. İqtisadiyyatımızın inkişafı Ordumuzun inkişafı deməkdir, iqtisadi imkanların azalması Ordumuza da təsir edə bilər. Eyni zamanda, iqtisadi-maliyyə itkilərimiz digər sosial sahələrin də əlavə maliyyə ilə təminatını ləngidər. Demək bir nəfərin məsuliyyətsizliyi bütün dövlətin iqtisadi və sosial proqramlarına ziyan vura bilər. Ona görə də, hər kəs bu gün sosial məsuliyyəti daha çox başa düşməli, birlik və həmrəylik nümayiş etdirməlidir”.