“Şahdəniz”dən 104 milyard kubmetr qaz çıxarıldı
Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 26 milyon ton kondensat hasil edilib.
Rakus.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Bildirilir ki, “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 104 milyard kubmetrdən çox təbii qaz əldə olunub. Əməliyyatların başlamasından indiyə qədər “Şahdəniz”dən ümumi kondensat hasilatı isə 26 milyon tona çatıb.
Bu ilin ilk rübündə “Şahdəniz” yatağından – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 4,3 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,5 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Ötən il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edib.
Üç ayda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 191 milyon dollar əməliyyat və 267 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).