Sahibkarın 70-nin hesabına 364 min manat köçürüldü
Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.
Rakus.az xəbər verir ki, indiyədək 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 146 min manat ödənilməsi qərara alınıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 10-da daha 70 zərər çəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərər çəkmiş sahibkara 1 milyon 142 min manat məbləğində maddi yardım ödənilib.
Ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Bununla yanaşı, aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. İndiyədək 175 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.
Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.