Salyanda 5 min ağac əkildi - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Salyan rayonunda ağacəkmə aksiyası keçirilib.
Rakus.az xəbər verir ki, aksiya Salyan rayon sakinləri arasında böyük maraqla qarşılanıb.
Səhər saatlarından başlayan ağacəkmə aksiyasında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, idarə, müəssisə və təşkilatların nümayəndələri və sakinlər iştirak ediblər.
Aksiya zamanı, ümumilikdə, 2000-dən çox Salyan sakini iştirak edib.
Aksiya ilk olaraq rayon incəsənət ustalarının çıxışı ilə başlayıb.
Rayonun mərkəzi hissəsi ilə yanaşı, müxtəlif qəsəbə və kəndlərdə 5000 ədəd müxtəlif növ ağac tingləri əkilib. Aksiya zamanı əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb. Əkilən ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları var.
Bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.
Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.