Saxta profil açanlar ciddi cəzalanacaq – DİM
Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından açılan saxta profillərlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Rakus.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, son günlər yenidən “Facebook” və “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifələr yaradılıb.
Bildirilib ki, bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, ixtisas seçimi, müxtəlif hazırlıq kurslarının reklamı, dövlət qulluğuna qəbul, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir: “Belə səhifə idarəçiləri müəyyən ödəniş müqabilində istifadəçilərə müxtəlif xidmətlər təklif edirlər, öz əlaqə nömrələrini vətəndaşlara verirlər. Bundan sonra zəng edən vətəndaşların “şəxsi kabinet”lərinin parolunu əldə edir və onu dəyişirlər. Daha sonra isə həmin vətəndaşlarla əlaqə saxlayıb “şəxsi kabinet”in yeni parolunu vermək üçün müəyyən ödəniş tələb edirlər.
Bundan əlavə, bu tip şəxslər sosial şəbəkələrdə imtahanlarda iştirak etmək istəyənlərə yazırlar və ödəniş müqabilində qeydiyyatdan keçirməyi təklif edirlər. Lakin heç bir qeydiyyat etmirlər və bu abituriyentlər qeydiyyatdan keçmədiyi üçün imtahanda iştirak edə bilmirlər.
Belə səhifə, qrup və şəxslər istifadəçiləri aldatmaq üçün öz səhifələrinin “profil” şəkli və “cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə edir, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. Qaydaları dəqiq bilmədikləri üçün istifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək”.
DİM rəhbərliyi sosial şəbəkə istifadəçilərinə daha da diqqətli olmağı və qurumun adından yaradılna saxta səhifə və qruplara üzv olmamağı tövsiyə edir. Dövlət İmtahan Mərkəzinə məxsus yalnız aşağıdakı səhifələr fəaliyyət göstərir:
Facebook: https://www.facebook.com/stateexamcenter/ Instagram: https://www.instagram.com/stateexamcenter/ Twitter: https://twitter.com/stateexamcenter