SƏ-dən gələn turistlərin sayı artacaq
Azərbaycana builki yay turizm mövsümündə ən çox turistin Səudiyyə Ərəbistanından gələcəyi gözlənilir.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Səudiyyə Ərəbistanına və əks istiqamətdə aviareyslərin sayı artrılıb.
Mütəxəssis hesab edir ki, bunun nəticəsində builki yay turizm mövsümündə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2 dəfə artacaq.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb.