Şəhid ailələrinin iştirakı ilə “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı olub - FOTO

Bakıda şəhid ailələrinin iştirakı ilə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə hazırlanıb.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müahribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhid N.Fərəczadə adina 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin məzunları şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı jurnalist Əsgər İbrahimov və məktəbin kollektivi iştirak ediblər.
Azyaşlı uşaqlar üçün nəzərdə tutulan kitab Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilib.
Binəqədi rayonunda yerləşən şəhid N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri, müəllim və şagird kollektivi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov və şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva iştirak ediblər.
Qonaqlar ilk öncə məktəbin güşəsində şagirdlərin hazırladığı kompozisiya ilə tanış olublar.

Daha sonra bədii hissə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxışında bildirib ki, “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı vətənpərvərlik ruhunda yazılmış əsərlərin təcəssümüdür: “44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, biz belə tədbirlərdə iştirak edirik. Məhərrəm 100 nömrəli tam orta məktəbdə təhsil alıb. Arzu edirəm ki, bu məktəbi bitirən hər bir gənc də Məhərrəm kimi mərd, cəsur və qorxmaz olsun. Biz şəhidlərimizi unutmuruq, unutmayacağıq”.

Şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva deyib ki, oğlu Samir də bu məktəbi bitirib: “Şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün bu kitabın rolu böyükdür”.
N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova vurğulayıb ki, gələcək nəsillər, yəni balaca balalarımız bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğulayıb ki, Zəfər günü ilə bağlı yazılan tarixi kitabın ictimaiyyətə təqdim olunması qürurvericidir: “Şəhid Samir və Məhərrəm kimi oğullar yetişdirən bir məktəb daha neçə-neçə qəhrəmanlar yetişdirəcək”.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhid və qazilərin igidliklərindən, göstərdiyi döyüş fəaliyyətlərindən, Vətən müharibəsindəki şanlı qələbədən söz açıb.
Sonra Şanlı Qələbəmizə həsr olunmuş kitablar haqqında məlumat verilib. Bildirilib ki, uşaqlar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” kitabı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir və bu kitabın çap edilməsində əsas məqsəd uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir.
Həmçinin əlavə ediblər ki, “Bizim böyük Qələbəmiz” adlı kitabı nəsillərin görüşü adlandırmaq olar. Gələcək nəsillər, yəni balaca balalarımız bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.
Tədbir məktəblilərin hazırladığı musiqi, şeir və rəqs kompazisiyaları ilə davam edib.
Qeyd edək ki, “Bizim böyük Qələbəmiz” adlı kitab Bakı Şəhəri İcra Hakimiyyətinin Vətən müharibəsinə həsr etdiyi dördüncü kitabdır. Bu proses rayonlarda da uğurla davam etdirilir. (Report)

