Şəhid jurnalist Məhərrəm İbrahimovun Qəbirüstü Bulağının açılışı olacaq
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə bulağının açılış mərasimi keçiriləcək.
Rakus.az xəbər verir ki, bu barədə M. İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov məlumat verib.
O bildirib ki, noyabrın 25-i Kəlbəcərin işğaldan azad olunduğu günüdür. Bununla əlaqədar Kəlbəcərdə şəhid olmuş jurnalist Məhərrəm İbrahimovun Qəbirüstü Bulağının açılış mərasimi keçiriləcək.
Tədbir noyabrın 25-də saat 11.00-da şəhid jurnalistin dəfn olunduğu Müşfiqabad qəbiristanlığında keçiriləcək.
Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.
Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.
Ölümündən sonra Məhərrəm İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.