Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başlayır - FOTO
Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə oktyabrın 14-də keçiriləcək həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirinə start veriləcək.
Rakus.az xəbər verir ki, bununla əlaqədar oktyabrın 9-da təşkil olunan tədbirdə turnir barədə məlumat verilib, qaydalar elan olunub və püşkatma mərasimi keçirilib.
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirilib ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
O məlumat verib ki, ildə bir dəfə təşkil olunan turnirdə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyır.
Keçən il bu turnirdə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunmuşdusa, bu il komandaların sayı 8-ə çatdırılıb və ilbəil say artırılacaq. Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edəcək.
Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov diqqətə çatdırıb ki, turnir hər birində 4 komanda olmaqla 2 qrupdan ibarət olacaq, oktyabrın 14-də başlayıb noyabrın 8-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinalın qalibləri 1-ci yer, məğlub olan komandalar isə 3-cü yer uğrunda yarışacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.
İştirakçı komandaların rəsmi nümayəndələri və kapitanları Emin Zeynalov (“İrəvan”), Rauf Süleymanov, Fuad İsmayılov (“Qərbi Azərbaycan”), Hidayət Xudiyev, Şah Xasıyev (“Loru-Borçalı”), İsrail İsmayılov, Şükür Məmmədalıyev (“Ardanış”), Əfqan Əliyev (“Göyçə”), İmaməddin Zeynalov, Ayxan Abbasov (“Qaraqoyunlu”), Emin Qasımov (“Çəmbərək”), Cavidan Şükürov (“Zəngəzur”) çıxışlarında turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Vurğulanıb ki, xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Qaraqoyunlu” komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 19:30, 20:30-da keçirilməsi nəzərdə tutulur. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu isə 8 Noyabr – Zəfər Günü keçiriləcək.
“Sultan keramik” və “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.
Sonra heyətlər elan olunub:
“Ardanış” – Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Hüseyin Məhəmmədov, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev.
“Qaraqoyunlu” – Natiq Vəliyev, Elvin Bayramov, Orxan Gülməmmədli, Sirac Məmmədli, Ayxan Abbasov, Əli Quliyev, Rəşad Məmmədalıyev, Elmar Bağırov, İmaməddin Zeynalov, Rəşad Quliyev, Əsgər İbrahimov.
“Zəngəzur” – Cavidan Şükürov, Fərid Ramazanov, Lətif Qədimov, Nurani İsgəndərov, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov, Anar Əhmədov.
“Göyçə” – Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Xəqani Mazanov, Ramin Məmmədov, Samir Həsənov, Cavid Məmişov, Tahir Ələsgərov, Abdulla Mustafayev, Məhəmməd İsmayılov, Emil Hümbətov
“Loru-Borçalı” – Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Elşən Nəsibov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçəlli, Elvin İsmayılov, Orxan Qhramanov.
“Qərbi Azərbaycan” – Fuad İsmayılov, Ramin Qurban, Abbasəli Yadigarov, Balamir Əzimov, Elnur Salahov, Ziya Ağayev, Xəzər Əzizov, Roman İsmayılov, İlkin Cavanşirov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Hümmət Məmmədov, Elmir Səftərov, Fərid Səlimov, Səlim Rəhimzadə.
“İrəvan” – Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.
“Çəmbərək” – Azər Hüseynov, Emin Qasımov, Qasım Məmmədov, Ramiz Hüseynov, Tariq Qasımov, Nicat İbrahimov, Vüsal Hüseynov, Azər Məmmədzadə, Ramazan Abbasov, Vüqar Hüseynov, Hüseyn Axundov, Azad Əliyev, Murad Məmmədov.
Sonda Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar və oyunlar belə müəyyənləşib:
A Qrupu – “İrəvan”, “Loru-Borçalı”, “Qərbi Azərbaycan”, “Göyçə”
B Qrupu – “Ardanış”, “Zəngəzur”, “Qaraqoyunlu”, “Çəmbərək”
İlk oyun “Ardanış” ilə “Zəngəzur” arasında oktyabrın 14-də saat 19:00-da Bakı Tennis Akademiyasının stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Arif Hüseynzadə – 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
OYUNLARIN TƏQVİMİ
14 Oktyabr
I tur
B qrupu
19:30 “Ardanış” – “Zəngəzur”
A qrupu
20:30 “İrəvan” – “Loru-Borçalı”
15 Oktyabr
A qrupu
19:30 “Qərbi Azərbaycan” – “Göyçə”
B qrupu
20:30 “Qaraqoyunlu” – “Çəmbərək”
21 oktyabr
II tur
A qrupu
19:30 “Loru-Borçalı” – “Qərbi Azərbaycan”
B qrupu
20:30 “Ardanış” – “Qaraqoyunlu”
22 oktyabr
A qrupu
19:30 “İrəvan” – Göyçə”
B qrupu
20:30 “Zəngəzur” – “Çəmbərək”
28 oktyabr
III tur
A qrupu
19:30 “Qərbi Azərbaycan- “Loru-Borçalı”
B qrupu
20:30 “Qaraqoyunlu”- “Zəngəzur”
29 oktyabr
B qrupu
19:30 “Ardanış” – “Çəmbərək”
A qrupu
20:30 “İrəvan” – “Göyçə”
4 noyabr
Yarımfinal
19:30 A1-B2
20:30B1-A2
5 noyabr
19:30 – III yer uğrunda görüş
8 noyabr
FİNAL
19:30
20:30 Bağlanış və mükafatlandırma