Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başa çatdı - FOTO
Ardanış Futbol Məktəbinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Günü münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turniri başa çatıb.
Rakus.az xəbər verir ki, yarış iştirakçıları – komandaların üzvləri bağlanış mərasimindən əvvəl Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət edib, qəbirləri üstünə gül dəstələri qoyublar.
Turnirin yekun oyunlarından əvvəl ənənəvi olaraq Azərbaycanın Dövlət Himni səsləndirlib. Mükafatçıların bəlli olması üçün ilk olaraq sahəyə üçüncü yer uğrunda mübarizə aparan komandalar çıxıb. “Ada Təpə” və “Ardanış”ın gücü eyni dəyərləndirilsə də, üstün tərəf 3 cavabsız qolla müəyyənləşib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə daha əzmkar oyun nümayiş etdirən “Ada Təpə” İsa İsayevin, Aqil Qurbanovun və Şükür Məmmədalıyevin qolları ilə bürünc medalı komandalarına qazandırıblar.
Bundan sonra Azərbaycan bayraqları və əsl final abu-havası ilə bəzədilmiş “Vətən” İdman Klubunun stadionunda çempionluğa iddialı “Göyçə” ilə “Novoivanovka” qarşılaşması başlayıb. Bu görüşdə həm də turnirin 3 əsas nominasiyası – “ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” və “ən çox qol vuran oyunçu” müəyyənləşməli idi. Ona görə də bu oyuna maraq daha böyük idi.
AFFA hakimlərinin idarə etdiyi oyunu izləmək üçün yüzlərlə insan gəlmişdi.
Birinci hissədə heç bir gərgin an yaşanmasa da ikinci 25 dəqiqədə futbolçuların qarşılıqlı hücum taktikası bəhrə verməyib. Hər iki komanda bir neçə dəfə 100 faizlik qol imkanlarından yararlana bilməyib. “Göyçə”nin müdafiəçisi Xamis Hacıyev kobud oyununa görə 2 sarı kart ilə cəzalandırılıb və matçdan kənarda qalıb. Komanda oyunçu baxımından çətin duruma düşsə də, qapısından top buraxmayıb. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb.
Belə olan halda turnirin qaydalarına əsasən penaltilər seriyası icra olunub. “Basar keçər”in oyunçuları Samir Həsənli və Ramin Məmmədov topu qapıdan keçirə bilməyiblər. “Novoivamovka” isə bütün zərbələri dəqiq yerinə yetirərək 5:3 hesabı ilə turnirin qalibi adını qazanıb.
Bildirək ki, bağlanış mərasimində Azərbaycanın tanınmış veteran futbolçular iştirak ediblər.
Final oyununda nominasiyaların seçilməsi, həmçinin hakimlərin idarəetməsinə nəzarət üçün tanınmış futbol mütəxəssislərindən – Maşallah Əhmədov, Asim Xudiyev, Şahin Diniyev, Əsgər Abdullayev, Rafiq Mirzəyev və Asif Əliyev – ibarət komissiya yaradılmışdı. Beləliklə, komissiyanın qərarı ilə “Göyçə”nin hücumçusu Səhman Xasıyev “ən yaxşı oyunçu”, “Novoivanovka”nın qapışısı Emil Bayramov “ən yaxşı qapıçı”, “Media”nın yarımmüdafiəçisi Rüstəm Abdullayev və “Ada Təpə”nin hücumçusu İsa İsayev “ən çox qol vuran oyunçu” seçiliblər. “Ən gənc oyunçu” Murad Vəliyev (“Novoivanovka”), “veteran oyunçu” Nəriman Həsənli (“Göyçə”) olub. “Sadaxlı” isə ən intizamlı komanda kimi fərqləndirilib.
Daha sonra Ənənəvi Futbol Turnirinin rəsmi bağlanış mərasimi keçirilib.
Əvvəlcə qalib komandalara kuboklar, medallar, mükafatlar, sertifikatlar və hədiyyələr təqdim edilib. Ən yaxşı oyunçusu adına “Göyçə”dən Səhman Xasıyev layiq görülüb. Yarışın bombardirləri “Ada Təpə”dən İsa İsayev, “Media”dan Rüstəm Abdullayevdir. Ən yaxşı qapıçı “Novoivanovka”dan Əmil Bayramov, ən gənc oyunçu onun komanda yoldaşı Murad Vəliyev, ən yaşlı futbolçu “Göyçə”dən Nəriman Həsənli olub. “Sadaxlı” isə ən intizamlı komanda kimi fərqləndirilib.
Kuboku çempion komandaya Azərbaycan futbolunun dəyərli nümayəndəsi Maşallah Əhmədov, medal və hədiyyələri futbol mütəxəssisləri Asim Xudiyev, Şahin Diniyev, Əsgər Abdullayev, Rafiq Mirzəyev, Asif Əliyev, eləcə də AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, Binəqədi Rayon İcra Hakimiyyətinin təmsilçisi Zaur Qafarov, M.Əş.Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, turnirin sponsoru Mister Tum-un nümayəndəsi Vüsal Qurbanov, Şəhid jurnalist Sirac Abışovun qardaşı Şirzad Səmədov təqdim ediblər.
Turnirin təşkilatçısı adından şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalistr Əsgər İbrahimov turnirin baş tutması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnitrə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.
O bir daha məlumat verib ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Ə.İbrahimov vurğulayıb ki, bu turnir ənənəvi olaraq davam edəcək və gələcək illərdə bu yarışa Azərbaycanın əzəli və əbədi torpaqları olan Zəngəzur, İrəvan, Zəngibasar, Təbriz, Vedibasar, Dərələyəz kimi oğuz yurdları da qoşulacaq, turnirin miqyası daha da böyüyəcəkdir.
Turnirin informasiya dəstəkçisi “Report” İA-nın Baş direktoru Fuad Hüseynəliyev tanınmış veteran futbolçulara sertifikatları təqdim etdikdən sonra çıxışında qalib komandaları təbrik edib, bu turnirin əhəmiyyətindən söz açıb.
O deyib ki, 1-ci və 2-vi Qarabağ savaşında əsgərlərimizlə çiyin-çiyinə media işçilərimiz də yağı düşmənə qarşı mübarizə aparıb: “Məhərrəm və Siracın timsalında Azərbaycan mətbuatının müharibə zamanı fəaliyyəti çox təqdirəlayiq olub. Onlar qələmini süngüyə çevirərək, əsl “gizli qəhrəman”a çevrilərək müharibədə baş verən proseslərin dünyaya çatdırılmasında, dövlət siyasətimizin təbliğində, Azərbaycan həqiqətlərinin işıqlandırılmasında böyük zəhmət çəkiblər. Xalqımız belə insanları heç zaman unutmur və onlar daim qəlbimizdə yaşayacaqlar”.
Turnirin Azərbaycan ictimaiyyətinə çatdırılmasında xüsusi roluna və dəstəyinə görə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ( AzTV), ATV Azərbaycan, ARB, Space, İctimai Tv-yə təşəkkür elan olunub.
Xatirə turniri üçün həm futbolu, həm də əl işləri, sənətkarlığı ilə seçilən “Ardanış” komandasının kapitanı İmaməddin Zeynalov tərəfindən Rəmzi Kubok hazırlanmışdır. Bu kubok keçici funksiyasına malikdir və 5 il ardıcıl çempion olan komandaya təqdim olunur. Rəmzi kuboku Məhərrəm İbrahimovun övladları – Uğur İbrahimli və Toğrul İbrahimli “Novoivanovka”nın kapitanı Rafiq Həsənova təqdim etdikdən sonra, Azərbaycan bayrağı sahəyə gətirilib, Dövlət Himni səsləndirilib və havaya 44 şar buraxılıb.
Turnirdə ilk üç yer üçün nəzərdə tutulan pul mükafatı isə komandaların razılığı ilə könüllü olaraq şəhid jurnalistlərin ailələrinə verilib.
Bununla da oktyabrın 9-dan noyabrın 6-dək davam edən Ənənəvi Futbol Turniri başa çatıb.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.