Şəki Xan Sarayına giriş gələn həftə bərpa ediləcək
“Gələn həftə Şəki Xan Sarayına giriş bərpa ediləcək”.
Rakus.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
O bildirib ki, həftə sonu yerli və əcnəbi mütəxəssislər dövlət qurumlarının nümayəndələri ilə birgə Şəki Xan Sarayına yekun baxış keçirəcək.
K. Quluzadə qeyd edib ki, baxışın nəticəsi olaraq müvafiq qərar veriləcək: “Ola bilsin ki, baxış keçiriləndən sonra əlavə işlər görülsün. Amma bu, kompleks yox, xırda işlər ola bilər. Ümumilikdə isə qeyd edim ki, gələn həftənin sonuna qədər Şəki Xan Sarayına giriş bərpa ediləcək”.
Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada ölüb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yerdə qalan yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar. Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlıdır.