Sənədsiz evlərin sənədləşməsi gündəmdədir
Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərdir ki, müzakirə obyektinə çevrilib. Baxmayaraq ki, ölkə başçısı bununla bağlı müvafiq tövsiyyə və tapşırıqlarını beş ildən artıqdır ki verib, ancaq hələ də bu barədə heç bir irəliləyiş yoxdur.
Rakus.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu məsələyə münasibətini açıqlayıb:
“Sənədsiz evlərin sənədləşməsi ilə bağlı xüsusi komitə formalaşıb. Xüsusi komitə əsasən sənədsiz evlərlə bağlı məlumatların toplanması, eyni zamanda, qeydiyyat prosesi ilə bağlı xüsusi konsepsiya üzərində işləyir. Bizdə olan məlumata görə artıq konsepsiya hazırdır. Baxılması üçün aidiyyatı üzrə orqana təqdim olunub. Konsepsiyada əsasən təhlükəli ərazi hesab olunan torpaqlarda inşa edilən evlərin sənədləşməsi məsələsi öz əksinin tapıb. İlkin qiymətləndirilməyə görə Azərbaycanda 600 mindən artıq sənədsiz ev var. Onlardan 450 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bütövlükdə, sənədsiz evlərin 70 mini təhlükəli hesab olunan ərazilərdə yerləşir. Hansı ki, bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərin tərkibində yerləşir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Hansı ki, həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir. Əslində digər evlərin sənədləşməsi ilə bağlı heç bir çətinlik yoxdur. Ən böyük çətinlik təhlükəli zonalarda evlərin sənədləşməsi ilə bağlıdır. Həmin ərazilərdə vətəndaşlar yaşayır və kifayət qədər riskli ərazilər hesab olunur. Nəzərə alsaq ki, vətəndaş həmin ərazilərdə ev tikdirib, kifayət qədər pul xərcləyib və yaşayır. Bu baxımdan da, ən çox müzakirə edilən məsələlərdən biri məhz həmin ərazilərdə yaşayan vətəndaşların necə köçürülməsi ilə bağlıdır”.