Sənətin səfiri - FOTO
“Mən, Şıxəli Qurbanəli oğlu Təhməzov 13 sentyabr 1958-ci ildə Xaçmaz rayonununu Qiraqlı kəndində anadan olmuşam. 1965-1975-ci illərdə orta məktəbdə oxumuşam. 1976-cı ildə Bakıdakı 84 saylı TPM-də ağac üzərində yonma peşəsinə yiyələnmişəm. 1977-1982-ci illərdə Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxumuşam. 1982-1988-ci illərdə isə M.Əliyev adına İncəsənət İnstitutunda (indi Azərbaycan Dövlət İncəsənət Universiteti) ali təhsil almışam.
1992-2000-ci illərdə Əlibəy Hüseynzadə adına İncəsənət İnstitutunun Quba filialında müəllim olmuşam.
Hazırda heykəltəraş kimi fərdi yaradıcılıqla məşğulam.”
Bu, qeydlərimizin qəhrəmanının öz əli ilə yazdığı qısa ömürlüyüdür. Onun fikrincə yaşadığı ömür yolunda qeyri-adi heç nə yoxdur: uşaqlıqdan sənətə maraq göstərib, rəssam, heykəltəraş olmaq istəyib. Oxuyub, çalışıb və istəyinə çatıb. Vəssalam!
Vəssalammı? Doğrudanmı hər şey bu qədər asan və bəsitdir? Əlbəttə, yox. Şıxəli müəllimin rəssam, nəqqaş, daşyonan və heykəltəraş kimi özünü təsdiqləməsinin bədəli onun neçə-neçə əzablı illəri və əslində indiyədək yaşadığı bütün həyat yoludur. Çünki, deyək ki, elə qonşu Gürcüstandan fərqli olaraq Azərbaycan əyalətində ziyalılıq xüsusi, keçərli söz haqqına sahib təbəqə kimi hələ də formalaşa bilməyib. Əgər gürcü mentaliteti ziyalıya, sənətkara onun paytaxtdamı, böyük şəhərdəmi, yaxud kiçik qəsəbədəmi yaşamasından asılı olmayaraq yüksək dəyər verir və buna uyğun da mənəvi əxlaq, düzlük-doğruluq, inkişafa dəstək, xalqın irəliləyişinə qatılım tələb edirsə, Azərbaycanda hər şey əksinədir: rüşvət almayan məktəb direktorunu, oğurluq eləməyən müdiri, yalan danışmayan jurnalisti, başını aşağı salıb öz işi ilə məşğul olan iddiasız yaradıcı insanı – üzünə deməsələr də (zatən bizdə üzə söz deyən kimdi ki!) arxasınca bivec, əfəl adlandırırlar. Eynən bir vaxtlar bəzi tərəkəmələr qoyun oğurlaya bilməyən gənci bacarıqsız, qorxaq saydıqları kimi…
Bax belə bir tərs-avand mühitdə özünü təsdiqləmək, sənətkar, ustad olduğunu qalın qafalarda bərqərar edə bilmək əsl qəhrəmanlıq, obrazlı desək, Everestin məşəqqətli fəthidir!
Yəqin bütün bunları yaradıcı insan fəhmi ilə yaxşı duyduğundandır ki, xasiyyətcə sakit, iç dünyası ətrafındakı aləmdən qat-qat zəngin Şıxəli müəllim sənət yolunun lap əvvəlindən bütün enerjisini işinə-gücünə verib, özünü təsdiqləmək, əsl peşəkar olmaq üçün yalnız istedadına, hələ uşaqlıqdan kənd mühitinin ona bəxş elədyi əməksevərliyinə güvənib. Yaradıcı insan kimi ətrafında olub-keçənləri diqqətlə müşahidə etsə, doğru-düzgün nəticələr çıxarsa da bunları həyatına köçürməyi sənətinə vəfasızlıq sanıb. Odur ki, təlatümlü 90-ların əvvəllərində onu tez-tez çiynində etüd qutusu ilə harasa gedən, yaxud da əlində gilli tişə yarımçıq heykəlin qarşısında dayanan görürdülər. Beləcə hamının yanından laqeydliklə ötüb keçdiyi bir parça qamışlıq gözəl vətən peyzajına, kimsənin diqqət yetirmədiyi adi insansa maraqlı heykəltəraşlıq əsərinə çevrilir, baxanları onun müəllifinin istedadına inandırırdı…
Bütün talantlı insanlartək o da çox təvazökardır. “Rəssamlıq İttifaqının üzvüsünüzmü?” deyə soruşduqda sakit-sakit: “Yox, amma onlar məni tanıyırlar, 60 illiyimi təbrik də etmişdilər”, – deyir…
Buxovları rədd eləyən əksər yaradıcı insanlar kimi Şıxəli Təhməzov da əsasən iki istiqamətdə çalışır: öz iç dünyası, sənətkar fantaziyası və bir də sifarişçi şıltağı üçün. Lakin elə əsl yaradıcı insanlarda olduğutək onun sifarişli işlərində də təxəyyül genişliyi, işə ciddiyyətli münasibət adi gözlə belə hiss olunur, duyulur. Elə buna görədir ki, Şıxəli müəllimə geniş ərazilərin landşaft düzəni həllini də çəkinmədən tapşırırlar. Burada isə onun üstəlik, memar və dizayner qabiliyyətləri də üzə çıxır. Quba şəhərinin doğu girəcəyindəki yeni parkdakı işləri, Xaçmazın güney civarındakı “Çənlibel” gəzərliyində müəllifi olduğu heykəllər sənətə vaqif insanların təqdirini qazanmaqdadır.
Şıxəli müəllimin əsərlərindən vətənin tarixini əks etdirən nə varsa, hamısı qırmızı şərid kimi keçir. Keşikçi əsgərlər, əsrlərin o üzündən boylanan əməkçi babalar, qədim tariximizi belində daşımış, hər heykəltəraşa nəsib olmayan miqyasda və mükəmməllikdə yapılan köhlən atlar onun başlıca sənət leytmotivləridir. Əyaləti heykəllərlə bəzəyib özü də sanki yaşadığı diyarın canlı heykəlinə, böyük incəsənətin yerli səfirinə çevrilmiş şövqlü heykəltəraşın çoxsaylı əsərlərindən burada təqdim etdiyimiz bəziləri “Şıxəli Təhməzov sənəti özü haqqında sözlü ifadədən daha güclü təəssürat oyadır” qənaətini ərsəyə gətirir. Oxucularımızı həmin illüstrasiyalarla baş-başa buraxır, paytaxt miqyaslı bu əyalət ustadına yeni-yeni yaradıcılıq məmnunluqları arzulayırıq!..
Şövkət Səlimov Budad,
Shahdagpeoples.az saytının Baş redaktoru