Amerikanın Səsi: İranda baş verən sosial etirazlar ölkədə yaşayan azlıqların, o cümlədən azərbaycanlıların həyatında hansı sosial, siyasi və mədəni dəyişikliklıər yarada bilər?
Sədrəddin Soltan: İranda baş verən etiraz aksiyasının milli məsələ ilə heç bir əlaqəsi yoxdur. Bu, İranda maliyyə-iqtisadi böhranın nəticəsidir. Fikrimcə bunu nə hakimiyyət, nə hökumət böhranı kimi dəyərləndirmək düzgün olmazdı. Eləcə də Azərbaycan türkləri İranda say etibarı ilə ölkənin çoxluğu olmasına baxmayaraq, ölkədə baş verən bütün sosial problemlər, eyni zamanda Azərbaycan türklərinin sosial problemidir. Azərbaycan türkləri də ölkənin başqa vətəndaşları, başqa etnik qruplarının nümayəndələri kimi eyni problemlə, eyni siyasi-iqtisadi, mədəni çətinliklərlə üzləşir. Son etiraz aksiyalarında Azərbaycan türkləri də fəal iştirak edib və bu, həm də onların İranla bağlı sosial problemləridir. Yəni, bu hadisə ilə milli məsələni qarışdırmaq, fikrimcə, məntiqli deyil. Çünki, bu sosial-iqtisadi, maliyyə problemidir.
Amerikanın Səsi: Beynəlxalq təşkilatlar, o cümlədən Amnesty İnternational ölkədə artıq 106 nəfərin öldürüldüyünü bildirir. Bu hadisələr İrandakı Azərbaycan şəhərlərində də geniş yayılıb. Bunun siyasi nəticələri ola bilərmi?
Sədrəddin Soltan: İranda əvvəllər də dinc etiraz aksiyaları qanla boğulub. Məsələn, 2006-cı ilin may hadisələri zamanı onlarla insan qətlə yetirildi. Sonrakı hadisələr vaxtı da ölkənin müxtəlif ərazilərində etiraz aksiyaları zamanı öldürülənlər oldu. Yenə də öldürülənlər barədə müxtəlif rəqəmlər söyləyirlər. Bəziləri hətta öldürülənlərin sayının iki yüzü keçdiyini də deyir. Amma, İran tərəfi bu tipli məsələlərə həmişə məsuliyyətsiz yanaşır. BMT-nin İranla bağlı məruzəçisi ölkəyə buraxılmır. Avropa İttifaqının İranda insan haqlaqının vəziyyətini yoxlamaq istəyən komissiyası ölkəyə buraxılmır. Ümumiyyətlə, İran insan haqlarının vəziyyətini öyrənən komissiyanın, yaxud nümayəndənin və ya məruzəçinin ölkəyə buraxılmasını bir qayda olaraq blok edir. Hesab edirəm ki, yenə də beynəlxalq təşkilatların, yaxud ayrı-ayrı dövlətlərin bu məsələyə mühakiməedici bəyanatları olacaq. Ancaq, İran tərəfi bütün bu ittihamları rədd edəcək bəyan edəcək ki, əksinə etiraz aksiyaçıları hökumət adamlarını öldürüblər, yaxud da polisləri öldürüblər. Necə ki, bir neçə gün bundan əvvəl bəyan etdilər ki, polisləri öldürüblər, etiraz aksiyaçılarından isə ölən və ya yaralanan yoxdur.
Amerikanın Səsi: İranda baş verən sosial etirazların onun ən yaxın qonşusu olan Azərbaycana təsirləri nə ola bilər?
Sədrəddin Soltan: Müsahibəmizin əvvəlində də qeyd etdik ki, İranda Azərbaycan türkləri var və onlar əhalinin çox böyük hissəsini təşkil edir. Onların üzləşdiyi problemlər təbii ki, sovetlər dövründən, əvvəlki illərdən fərqli olaraq bu gün Azərbaycanı, Azərbaycan əhalisini, Azərbaycan dövlətini narahat etməyə bilməz. Məsələn, İran-İraq müharibəsi zamanı Təbrizə bir bomba düşəndə Azərbaycan hər hansı bir etiraz, münasibət bildirmirdisə, indi fərqli şəraitdir. İrandakı Azərbaycan türklərinin taleyinə Azərbaycan dövləti, cəmiyyəti laqeyd qala bilmir. Hesab edirəm ki, bundan sonra da laqeyd qalmayacaq. O ki, qaldı nə baş verə bilər? Birincisi İranda bahalaşmanın nəticəsi Azərbaycana da təsir edə bilər. İrandakı pullu, imkanlı azərbaycanlılar Azərbaycan Respublikasına sərmayəni artıra bilər, yaxud burada mənzillər ala bilərlər. İran tərəfi də Azərbaycana keçən turistləri, iş adamlarını, səyahət edənlərin yoxlanmasını sərtləşdirə bilər. Yəni, bütün hallarda qonşuda bir hadisə baş verirsə hansısa formda o biri qonşuya da təsirsiz ötüşmür.