Mədəni 18.12.2019 23:23

Sovet dövrünün son ili – Rövşən Yerfi yazır

1990-ci il, oktyabr. Cəmiyyətdə ciddi dəyişikliklər hiss olunmaqda idi. Yenidənqurma, aşkarlıq siyasəti ölkədə hər bir sahəyə təsirini göstərməyə başlamışdı. Yeni müəssisələr, kooperativlər, qəzetlər açılırdı, planlar, ideyalar irəli sürülürdü.

10 noyabrda şair Tofiq Nurəli mənə zəng etdi, görüşməyi qərarlaşdırdıq. 11 noyabrda günorta çağı Azneft meydanında görüşdük. Buna qədər bir çox qəzetlərdə yeni yaradılacaq səhiyyə qəzetinin gələn il üçün abunə elanlarını görmüşdüm. Bilirdim ki, Tofiq bəy bu qəzetin baş redaktoru olmağa hazırlaşır. Onun qəzetdə işləmək dəvətinə böyük məmnuniyyətlə razılaşdm. Çoxdan arzulayırdım ki, ən geci ali təhsilimi bitirdikdən sonra mətbuat sahəsində işləyim. Daim rabitə sahəsində çalışmaq fikrim yox idi. O vaxtkı düşüncəmlə yazıçı olmaq istəyən kəs ilk növbədə mətbuatda işləməli idi.

Az keçmədi şairlər – Allahverdi Məmmədli və Əmrah Xanməmmədli də bizim yanımıza gəldilər, onlarla da tanış oldum. Birlikdə Azneftin o biri səmtində qala divarlarına bitişik iki mərtəbəli qədim binada yerləşən Tibb işçilərinin mədəniyyət evi deyilən (sonralar sökülüb yerində mehmanxana tikildi) yerə getdik. İkinci mərtəbədə səhiyyə nazirliyinin bir çox təşkilatları, o cümlədən “Şəfqət və Sağlamlıq Fondu” ilə bağlı adamların da kabinetləri vardı. Burada, fondun sədri akademik Böyükkişi Ağayevin otağında yeni qəzetin məramı barədə müzakirələr, məsləhətləşmələr apardıq. Belə ki, yeni yaradılacaq qəzetin himayəçisi hələlik bu fond olacaqdı.

13 noyabrda “Şəfqət” qəzetinin yaradılması və əməkdaşlarının işə götürülməsi haqqında əmrlər verildi. O dövrdə Neft-Kimya İnstitutu adlanan təhsil müəssisəsinin önündəki binanın ikinci mərtəbəsində bizim üçün bir neçə otaq ayırdılar. Bu binanın üçüncü mərtəbəsində isə yazıçı Bayram Bayramovun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı Komitəsi yerləşirdi. Eyni zamanda həmin komitənin qəzeti kimi fəaliyyət göstərən dövrün ən oxunaqlı qəzetlərdən biri – “Azərbaycan” da (redaktoru Sabir Rüstəmxanlı) qonşuluğumuzda idi.

Qəzetin ilk nömrəsi ilin birinci şənbə günü – 5 yanvar 1991-ci ildə çap olundu. Bu, Azərbaycan mətbuat tarixində ilk kütləvi səhiyyə qəzeti idi. Növbəti ildən təsisçiliyi Səhiyyə Nazirliyinin orqanı kimi rəsmiləşdirilən “Şəfqət” qəzetinin adı on altı il sonra, yəni 2007-ci ildən dəyişdirilib “Tibb qəzeti” adlandırıldı.

Şair Maarif Soltan, nasir Rafiq Tağı, ekoloq Yusif Dirili və adlarını unutduğum bir çox məşhur qələm adamları, jurnalistlər, alimlər qəzetdə mütəmadi olaraq yazılarını, tərcümələrini dərc etdirirdilər. Fəxr hissi keçirirəm ki, “Şəfqət”in ilk məsul katibi mən olmuşam. Hazırda mətbuat sahəsində imzasını  tanıdan Aygün Muradxanlı və Ləman Əliəşrəfqızı əmək fəaliyyətlərinə bu qəzetdən başlamışdılar. Doxsan üçüncü ilədək 25 min tirajla, həftəlik çap olunan qəzetin ünvanına elə gün olmurdu ki, oxuculardan məktub gəlməsin. 1993-cü ildə səhiyyə naziri Rahim Hüseynovun vəzifəsindən çıxmağı və onun yerinə Əli İnsanovun gəlməyi ilə başlanan maliyyə çətinliklərimiz 1995-ci ilin sonlarında yaradıcı kollektivimizin dağılmasıyla nəticələndi.

Dekabr ayının əvvəllərində Bayıldakı işimdən – 1982-ci ilin oktyabr ayından bəri çalışdığım rabitə sahəsindən tamamilə ayrılıb gündəlik redaksiyada işləməyə başladım. Amma, hər otağında üç-dörd nəfər olan yataqxana şəraitində qəzetə yazılar hazırlamaq mənim üçün çətin idi. Məcbur olub kirayə ev tutmaq istəyirdim. Köhnə iş yoldaşlarım bu məsələdə mənə kömək etdilər. Uşaqları Murmanska köçmüş bir rus qadını Ukrayna meydanına yaxın binaların birindəki iki otaqlı mənzilində heçnəsiz il yarımadək yaşamağa mənə icazə verdi. Bunu etməkdə tək istəyi o idi ki, mənzili boş görüb məcburi köçkünlər oranı zəbt etməsinlər.

Yeni yaşayış ünvanında, yeni işimlə 1991-ci ili böyük ruh yüksəkliyi, arzular və sonsuz ümidlərlə qarşılayırdım. Bu yeni il – SSRİ-nin son Yeni ili idi…

20 yanvarda bütün respublikada xalq tərəfindən şəhidlərin il mərasimləri keçirildi.

5 fevral – Azərbaycan SSR-in adı dəyişilərək Azərbaycan Respublikası adlandırıldı. O gün həm də, Xalq Cümhuriyyətinin üç rəngli bayrağı Dövlət Bayrağı kimi təsdiq edildi.

17 mart – SSRİ-də ittifaqın saxlanması məqsədi ilə referendum keçirildi. Təkcə Naxşıvan ərazisində referendum baş tutmadı, respublikanın qalan ərazisində guya xalq 98 faiz səslə ittifaqda  yaşamasına səs verdi.

Mart ayında Rafiq Tağı hekayələrimdən birini, o zaman Masallıda hazırlanan “Qala” adlı ədəbi qəzetdə dərc etdirdi. Bu onun ürəyinin genişliyindən idi.

İşlədiyim “Şəfqət” qəzetində məsul katib işini aparmaqla yanaşı hər ay bir-iki məqalə yazmağa çalışırdım. İmzamın qəzetdə görünməsi, az da olsa onu tanıyanların əmələ gəlməsi mənim üçün hədsiz sevinc idi.

19 aprel – 1990-cı ilin yanvarından bəri 15 ay davam edən qadağan saatı rejimi nəhayət ki, ləğv edildi. Moskva daha Mütəllibovu yerində möhkəmlənmiş hesab etdi.

İlin ən yaddaqalan və hadisələrlə zəngin ayı avqust ayı oldu. Ayın 19-da eşitdik ki, Moskvada fövqaladə vəziyyət üzrə dövlət komissiysı yaradılıb, ölkədə fövqaladə vəziyyət elan edilib. Söz gəzirdi ki, yaxın saatlarda istirahətdə olan Qorbaçovu həbs edəcəklər, ölkə Stalin dövrünə qayıdacaq, ciddi qayda-qanun yaradılacaq, beləliklə də, sovet dövlətinin dağıdılmasının qarşısı alınacaqdı.

Ətrafımdakı əksər insanlar şok vəziyyətində idilər, sabah nə baş verəcəyini heç kim bilmirdi. Hamı hadisələrin gedişatını gözləyir, susur və gözləmə mövqeyi tuturdular. Elə bil danışmağa ehtiyatlanmağa başlamışdılar. Əksəriyyət güman edirdi ki, vəssalam, qara günlərimiz gəlir. Hər kəs ürəyində öz fəalyyətinin gələcəyini götür-qoy edirdi. Buqələmunlar yenə öz sadiqliklərini nümayiş etdirmək əzmindəydilər. Camaat sadəlövhcəsinə “QKÇP”- nin yaranması ilə tezliklə Qarabağ probleminin həll olunacağına sevinirdi. Amma bu sevinclə yanaşı başa düşürdü ki, onu yenə təzə “silis”lər, sürgünlər, qırğınlar gözləyir və özü də qardaşlıq ailəsində yenə birincilik, “vətənə raport” səviyyəsində…

Yuxarı dairələrdə isə toy-bayram idi. Səfərləri, görüləsi işləri yarımçıq qoyub böyük təmtəraqla qeyd edirdilər. Hətta bəzi yerlərdə pulsuz pivə verilirdi…

O gün “Kommunist” nəşriyyatının (indiki “Azərbaycan”) mətbəəsində sevincəklər bizə deyirdilər:

-Az qalıb, sizinlə qurtarmağa…

Heç yadımdan çıxmaz, “Kommunist”in əməkdaşlarından biri yanıq verə-verə söyləyirdi:

-Demokratiya bitdi. Bu gündən bizim dövran başlayır. Çoxdan gözləyirdik bu günü. Axır ki, gəlib çatdı. Qurtardıq sizinlə…

Mən dözmədim:

-Haqsızlıq eləmə, nə vaxt sizin bostanınıza daş atmışıq?

-Nə fərqi, daş atmasanız da arada xoruz buraxırdınız.

Bütün rəhbərlər tam yəqin etmişdilər ki, fövqəladə vəziyyət komitəsinin qələbəsi şəkksizdir. Alma-ata, Tiflis, Bakı, Vilnüs hadisələrindəki müvəffəqiyyətlər onlara ümid verirdi. Yeltsinin tutulması xəbərini də səbirsizliklə gözləyirdilər. Xeyr, yalnız şadlıq etmirdilər, həm də hazırlıq görürdülər: tapşırılmışdı özlərini demokrat sayanların siyahları tutulsun, haqq-hesab çürütmək üçün…

Stalin dövrünə həsrət qalan veteranlar da sevinirdilər. Yenə hörmətlərinin güzəştlərinin, medallarının artacağına ümidli idilər, yığışıb dəstəkləmək –”odobryat” etmək istəyirdilər. Pensiyaçılar da sevinirdilər – pensiyalar artmalı idi. Malların ucuzlaşacağına, maaşların artacağına xalq inanıb sevinirdi. Zavodlardan “zəhmətkeşlər adından” “odobryat” teleqramları gedirdi Moskvaya. Deyilənə görə Ayaz Mütəllibov da rusca “QKÇP” adlanan bu komissiyaya təbrik teleqramı göndərmiş, dəstəyini bildirmişdi. Amma sonralar, o, dəstəyi boynuna almayıb, and-aman edirdi ki, yalandı.

Üç gün… Sonra hər şey dəyişdi birdən. Hətta yüz səksən dərəcəlik… Avqustun iyirni ikisi  günortadan bir az keçmiş  mətbəədə təcili surətdə hazır bəyənatlar, çıxışlar yığışdırılıb məhv edildi. Riyakarlıq edib: olmayıb, yalandır, demək üçün… Bir-neçə saat əvvəl isə gülən gözlərə bulud çökdü. Göz qırpımında hamı dönüb oldu “anadangəlmə” demokrat. Nəşriyyat “Azərbaycan”a, “Kommunist” “Xalq qəzeti”nə çevrildi. “Azərinform” dil-dil ötdü ki, bizdə hamı demokratdı. Teleqramlar öz istiqamətini Yeltsinə tərəf dəyişdi…

Bir ayın tamamında yaşadığım bu qeyri- adi günlərdən bəhs edən “Tarixə yazılan üç gün” adlı məqalə yazdım. Çox oxunan qəzetlərin birində çıxmasına istədim. Nəşriyyatda tələbəlikdən tanıdığım jurnalist Mikayıl Nərimanoğlu ilə rastlaşarkən ona verdim. Səhəri gün məqalə o zamanın seçilən qəzetlərindən biri olan “7 GÜN”-də dərc edildi.

“QKÇP”-nin süqutu ilə şəhərdə yenidən mitinq dalğası başlandı. Azadlıq meydanı yenə dolub-daşmağa başladı. 28 avqustda olan mitinqdə qərara alındı ki, meydanda ucalan Leninin abidəsi sökülsün. Yanvar faciəsindən sonra Kirovun heykəli götürülsə də, Leninə hələlik dəyməmişdilər.

Bir gün sonra Leninin dayandığı yerdə böyük ölçülü üç rəngli bayrağımız dalğalanırdı.

30 avqustda izdihamlı mitinq Ali Sovetin qarşısında idi. Həmin gün o dövrdəki Ali Sovetin növbədənkənar sesiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edilərək Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisi elan olundu. Əslində bu müstəqilliyin elan edilməsi  demək idi. Hesab edirəm ki,  indiki müstəqilliyimiz məhz Bəyannamə günündən – 30 avqust 1991-ci ildən başlayır.

Keçmiş SSRİ-də sovet respublikalarının müstəqillik “paradı” qəbul edilmiş bəyannamədən on gün əvvəl, 1991-ci ilin 19-22 avqustunda baş vermiş QKÇP “tamaşası” ilə başlanmışdı. Avqustun 20-də Estoniya, 24-də Ukrayna, 27-də Moldova öz müstəqilliklərini elan etdilər. Buna qədər isə ilk dəfə Litva respublikası (11.03.1990), sonra Rusiya (12.07.1990), Gürcüstan (09.04.1991) suveren dövlət olmalarını  dünyaya bildirmişdilər.

Mitinqlər sonrakı günlər – 1,2, 4, 6 sentyabrda da davam etmişdi. 2 sentyabrdakı mitinqdə Rafiq Tağı ilə birlikdə idim.

3 sentyabrda xəbər tutduq ki, ötən ilin 30 sentyabrında deputat olan Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilmişdir.

Doxsanıncı ilin mayında Ali Sovetdə özünü prezident seçdirən Ayaz Mütəllibov 8 senytabrda – bu dəfə prezident seçkisi keçirib xalq adından vəzifəsini qanuniləşdirdi.

Sovet İttifaqının dağıldığını dünyanın hər yerində dərk etsələr də, o vaxtkı respublika rəhbərliyimiz müstəqilliyi nədənsə həzm edə bilmirdi. Yetmiş il Kremlin göstərişi ilə işləyənlər baş verənlərə daxilən inana bilmirdilər, daha pisi o idi ki, inanmaq istəmirdilər. Ona görə də  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanıb qəbul edilməsi 14 günə nəzərdə tutulsa da, məsələni müxtəlif  bəhanələrlə 48 günədək – 18 oktyabradək uzatdılar. Artıq Türkmənistan, Qazaxıstan və Belorusiyadan başqa bütün respublikalar müstəqilliyin elan etmişdilər.

Bütün bunlar azmış kimi iki ay sonra, 29 dekabrda müstəqilliklə bağlı referendum da təşkil edildi. Martda SSRİ-nin saxlanmasına səs verməyə məcbur edilən xalqı eyni qayda ilə müstəqilliyə səs verdirdilər. Sadəcə gülünc idi, sovet dövləti yox olsa da, ürəklərində məhəbbəti qalan hakimiyyət müstəqillik üçün sübut-dəlil toplamaqla başlarını qatırdılar. Çünki, dildə desələr də, qəlblərində müstəqillik hissi yox idi.

Böyük bir era – sovet zamanı bitmiş, fəlakətlərlə dolu müstəqillik dövrü başlanmışdı…

Rövşən Yerfi
(“Mənim gündəliklərim” memuarından parça)

03.2018

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO