Şoyqu Həsənovu Moskvada keçiriləcək bayram tədbirlərinə dəvət etdi
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ortaq hərbi tarixini yenidən yazmağa və II Dünya müharibəsi hadisələrini təhrif etməyə çalışanlarla mübarizə aparmağa çağırıb.
Rakus.az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
“Bu tarixin yenidən yazılması üçün edilən istənilən cəhdlərə, xüsusən də qalibləri məğlub, məğlubları isə qalib kimi qələmə vermək cəhdlərinə qarşı mübarizə aparmaq üçün hər şey edilməlidir”, – S.Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Onun sözlərinə görə, məhz tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədi ilə Rusiya tərəfi Qələbə Gününün 75-ci ildönümünün qeyd olunması ilə bağlı Moskvada keçiriləcək bayram tədbirlərinə MDB ölkələrindən olan həmkarlarını da dəvət edib.
“Bütün həmkarlarımızı Birlik ölkələrinin hərbi kontingentlərinin Qırmızı Meydanda Qələbə Paradında iştirak etməsi üçün Moskvaya dəvət etdik”, – S.Şoyqu deyib.
O, Azərbaycan hərbçilərinin əvvəllər olduğu kimi, bu tədbirdə də fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.