Startapları əhatə edən beynəlxalq festival keçiriləcək
Noyabrın 21-26-da Azərbaycanda ilk dəfə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “StartupFest 2019” adlı startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq.
Rakus.az xəbər verir ki, “Innoland”dən verilən məlumata görə, “StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.
Festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq.
Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.
Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.