Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib.
Rakus.az xəbər verir ki, yubiley medalı ilə təltif olunanlar arasında Olimpiya, Paralimpiya, dünya və Avropa çempionu adına yiyələnmiş 27 idmançı və idman veteranı da var.
Belə ki, karyerasını indi davam etdirənlərdən karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, qadın güləşçisi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Şərif Şərifov, şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və boksçu Məhəmmədrəsul Məcidov bu mükafata yiyələniblər.
Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina, Rəfiqə Şabanova (hər ikisi həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo), Fariz Nəcəfov (şotokan karate), Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük), Gündüz İsmayılov (parapauerliftinq) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib.