TƏKLİF: Yas mərasimində iştirak 10 dəqiqə olsun
Uzun illərdir ki, respublikamızda yas mərasimlərinin təşkili ilə bağlı müxtəlif fikirlər səslənsə də yeniliklərin çox az şahidi oluruq.
Rakus.az xəbər verir ki, millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun fikrinə münasibətini açıqlayıb.
Qeyd edib ki, Milli Məclisin payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinin müzakirəyə təqdim edilməsi nəzərdə tutulur. Layihədə nələrin nəzərdə tutulduğu, qanuna hansı dəyişikliklərin ediləcəyi ciddi maraq doğurur.
Bununla bağlı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a eksklüziv açıqlamasında diqqətçəkən fikirlər səsləndirib. O, rəsmi dövlət qəzetlərində rəsmi şəxslərdən, ölkə prezidentinin verdiyi başsağlığından başqa, digər şəxslərin başsağlığı verməsinin qadağan olunacağını bildirib. Yas mərasimlərindən danışan S.Novruzov mərasimdə iştirakın maksimum 10 dəqiqə olmasının vacibliyini önə çəkib. Fikirlərini isə bununla əsaslandırıb ki, mərasimə gələn dövlət işçilərinin zamanları az ola bilər. YAP funksioneri “ehsan qadağası”ndan da söz açıb və bununla bağlı bütün ölkə boyu sərt tədbirlərin görüləcəyini bildirərək, yalnız üç mərasimində ehsan verilməsinin qanuna ediləcək dəyişikliklər sırasında olacağını söyləyib. O, qəbir daşlarının eyni ölçüdə olmasına da toxunaraq bildirib ki, imkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək.
Fazil Mustafa qanun layihəsinin lehinə olacağını açıqlayıb: “Belə bir dəyişiklik olarsa, bunun lehinə olacağıq. İllərlə biz bunu müdafiə etmişik. Ümumiyyətlə, mərasimlərin yüngülləşdirilməsi, sadələşdirilməsi hər kəsin marağına uyğundur. Hətta bunun daha sərt formada tətbiq olunmasının tərəfdarıyam. Azərbaycan insanı şöhrətpərəstdir. Başqası razı qalsın deyə tədbirlərini keçirir. Yası da bu cür edir. Bu xarakteri nəzərə alaraq məcburetməni artırmaq lazımdır. Bu olmasa, bunu başqa formada etməyəcəklər. Bütün bunlara görə məsələnin lehinəyəm. Amma yas mərasimlərinin vaxtı barədə deyilənlərin əleyhinəyəm. Bunu qanuna salmaq olmaz. Çox gülünc səslənir. Ümumi şəkildə deyilir ki, get 10 dəqiqə otur gəl. Qanuna belə sadə şeyləri salmaq ciddi səslənməyəcək. Amma bütövlükdə dəyişikliklər müsbətdir. 3 mərasimində ehsanın verilməsi ilə bağlı deyilənlər də tamamilə doğrudur. Əslində heç 3 mərasimində də verilməsinin bir məntiqi izahı yoxdur. Mərasimlərlə bağlı hamı bir-birinə baxıb dəyişiklik etmək istəmir və nəticədə dəyişikliklər həyata keçmir. İmkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələrin həyata keçirməsi barədə deyilənlər mümkün deyil. Qəbir daşlarının ölçüləri haqqında Nazirlər Kabinetinin qərarı olub. İndi bu məsələnin gündəmə bir daha gətirilməsi müsbətdir. Şöhrətpərəstlik bir xəstəlikdir. Bu xəstəliyə müalicə kimi baxmaq lazımdır. İnsan haqları kontekstindən məsələyə yanaşılanda, əlbəttə, həyata keçməyəcək. İnsanlar özləri islah olunmurlarsa, biz nə edə bilərik?”