Trampın qrin kart hiyləsi – qaydalar sərtləşdirilir – TƏHLİL - FOTO
ABŞ qrin kart almaq üçün qaydaları sərtləşdirir.
Rakus.az xəbər verir ki, Ağ ev Administrasiyası avqustun 12-də Birləşmiş Ştatlarda olub tibbi xidmət, yemək talonları və ev yardımı kimi sosial müaivnətlər alan mühacirlərə daimi yaşayış icazəsi, ya da vətəndaşlıq verilməsi üçün qaydaların sərtləşdirildiyini elan edib.
Bu il oktyabrın 15-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, 36 ay müddətində 12 aydan artıq bu yardımlardan birinin alınması sosial təminat kimi müəyyən edilir. Bir ay ərzində iki fərqli sosial müavinətin alınması iki ay kimi hesablanır.
ABŞ-ın Mühacirət və İmmiqrasiya Xidmətinin rəhbəri vəzifəsini icra edən Ken Kuçinelli deyib ki, yeni qaydalar ailə əsasında immiqrasiyaya təsir göstərməyəcək, belə ki, ailə üzvlərinin qrin kart almasını sponsorlaşdıran şəxslər artıq onlara maliyyə köməyi göstərəcəklərinə dair xüsusi sənəd imzalayıblar.
Onun sözlərinə görə, Donald Tramp Administrasiyası statusunu dəyişən şəxslərin gələcəkdə sosial müavinətlərdən asılı olması kimi vəziyyətlərin qarşısını almaq istəyir.
Mühacirət fəalları artıq yeni qaydalara etirazlarını bildirir. 200-dən çox təşkilatı birləşdirən Nyu York Mühacirət Koalisiyası yeni qaydaları “ksenofobiya” mahiyyətli adlandıraraq, buna qarşı mübarizə aparacaqlarına söz verib.
Yeni qaydalar həmçinin administrasiyanın vergi ödəyənlər tərəfindən maliyyəşən müavinətlərə ehtiyacı olan yoxsul mühacirlərin sayının azaldılması, eyni zamanda yüksək ixtisaslı və zəngin mühacirlərin Birləşmiş Ştatlara immiqrasiyasına imkan vermək səylərinə uyğundur.