Kolleksiyonçular Rəsulzdənin şəkli olan avro hazırladılar
Xəbər verdiyimiz kimi, Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın şəkilləri olan avro xatirə pul nişanının buraxılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Layihənin müəllifi Özgür Honça gördüyü bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib:
“Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk və daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik”.