“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İlk türk etnonomi 6000 illik Subardır” adlı veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov ilk türk etnonimi haqqında danışıb.
O bildirib ki, Arman və Ebla yazılarının haylara aidiyyatı yoxdur: “Tanınmış rus alimləri də ermənilərin iddiasını yerlə-yeksan edib. Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır. Urartulular çeçenlər olub, Naxçıvan adı da çeçen dilindədir”.
Onun sözlərinə görə, ilk türk etnonomi 6000 illik Subardır: “Subarlar su obasınının ərləri anlamını verən qədim türk tayfasıdır. Bu günkü çuvaşlar Urmu-Göyçə ətrafından köçən subarlardır. Çavuşlar şumerlərin əkin-toy bayramı olan Akatunu eyni adla qeyd edirlər”.
F.Cəlilov Azər, tatar, qacar, subar sözlərindəki Ər ifadəsinin mənasına da aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 30-da saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.