Üç jurnalistin xaricə çıxışına qadağa götürüldü
Mayın 7-də Baş Prokurorluq “Meydan” TV ilə əməkdaşlıq edən daha üç jurnalistin – Aytən Fərhadova, Aytac Əhmədova və Tural Əsədlinin xaricə çıxışına məhdudiyyəti götürüb.
Rakus.az xəbər verir ki, bu barədə jurnalistlərə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov bildirib və müvafiq bildirişi onlara təqdim edib.
İdarədə bildiriblər ki, “Meydan” TV ilə əməkdaşlıq edən bütün jurnalistlərin üzərindən məhdudiyyət mayın 11-dək götürüləcək. Bundan öncə jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracanın üzərindən qadağa götürülüb. Buna qədərsə jurnalist Aynur Qənbərovanın (Elgünəş) səfərinə qadağa götürülmüşdü.
2015-ci ildə “Meydan” TV-yə (Berlində yerləşir) qarşı cinayət işi qaldırılıb. Bununla əlaqədar həmin İnternet kanalı ilə əməkdaşlıq edən 10-dan çox jurnalist dindirilib. Onların ölkədən çıxışına qadağa qoyulub.