“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ermənilər Çimənə qarşı həmişə nifrət, kin bəsləyiblər” adlı veriliş əslən Qərbi Azərbaycandan olan Dürdanə Hümbətovanın həyat hekayəsinə həsr olunub.
O, 1978-ci ildə anadan olduğunu, ata-ana nəslinin 1948-ci ildə mənfur ermənilər tərəfindən Qərbi Azərbaycanın Vedibasar mahalının, Vedi rayonunun Çimən kəndindən olduğunu deyib: “Kənd camaatı deportasiya nəticəsində Beyləqan rayonuna gətiriblər. Dağ kəndindən gələn insanların aran ərazisində yaşamağı çətinliyinə və iqlim şəraitinə görə Qazax və Ağstafa rayonunun ərazisində məskunlaşıblar. Atam, anam, nənələrim, babalarım, nənələrimin qardaşları, bacıları o yerin adəti, ənənəsi, təbiəti, gözəlliyi haqqında çox danışırdılar. Onların gözləri Vətən, el-oba həsrətindən dolurdu. Çiməndə 10 tayfa yaşayıb, Şərəflilər, Kərbalayi İsmayıl, Mərəndlilər, Tatlar, Oruclular, Keşkazdılar, Soyxan uşağı, Səbzəli uşağı, Vəli uşağı, Molla uşağı, Məngöklülər kimi məhəllələr olub. Xaç yurd, Qoturbulağı yurd, Daşqaya yurd, Quzey ağıl, Yarım ağıl, Kotuz ağıl, Mustafaz ağası ağıl, Aralıq ağıl, Düyüdaş ağıl, Ağdaş körpüsü kimi yerlər olub. Bu adlar sübut edir ki, bu ərazilər tarixən Azərbaycan yerləri olub”.

Onun sözlərinə görə, nənəsi erməni vəhşiliyindən danışanda ağlayırdı: “XX əsrin əvvəlində kəndə ermənilər hücum edəndə əhalini qırıblar. Sadəcə qardaş-bacı olan iki uşaq ağacın içində gizlənib. Onların gözü qarşısında bütün kənd əhalisini vəhşicəsinə qırıb, insanların belinə somavar bağlayıblar. Ermənilər camaata hər cür əzab, əziyyət, işgəncə, verib, pislik ediblər. Biz hamının “Axırıncı aşırım” filmindən yaxşı tanıdığı tarixi şəxsiyyət Kərbalayi İsmayılın nəslindənik. Onun qardaşı evini mühasirəyə alan ermənilərə qarşı vuruşub və oğlu həlak olub. Mühasirə uzun çəkdiyindən ata oğlunu evinin içərisində dəfn edib. Sonra tək qalan qızını qardaşına verib, kəndi tərk edib”.
D.Hümbətova bir əsrdə ermənilər 4 deportasiyanı mərhələli şəkildə reallaşdırdıqlarını söyləyib, üçüncü nəsil Qərbi Azərbaycanlı kimi ata-baba yurduna qayıtmaq arzusunda olduğunu söyləyib: “Bu gün çimənlilərin ayağı Çimənə dəyməsə də, hər bir çimənlinin daxilində həsrətdən yoğrulmuş ümid var. Mən nənələrimin, babalarımın yaşadığı, valideynlərimin doğulduğu yerlərə gedəcəyim günü gözləyirəm. O həsrətlə, ümidlə yaşayıram. Əminəm ki, Prezidentimizin apardığı siyasət nəticəsində doğma torpaqlara qayıtmaq arzum yerinə yetəcək”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş martın 13-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.



















