ÜMŞA-nın üzvləri Naxçıvanda tələbə-gənclərlə görüşdülər - FOTO
Ümumdünya Mətbuat Şuraları Assosiyasının (ÜMŞA) üzvləri Naxçıvan Dövlət Universitetində, universitetin jurnalistika fakultəsində tələbə-gənclərlə görüşüblər.
Rakus.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Assosiasiyanın rəhbəri xanım Sule Alet gələcək jurnalistlərə söz və ifadə azadlığı sahəsindəki tendensiyalar, dünya mediasında cərəyan edən proseslər, söz azadlığı sahəsindəki manipulyasiyalar barədə geniş məlumat verib, tələbələrin suallarını cavablandırıblar.
Ə.Amaşov açıqlamasında bildirib ki, jurnalistika dəyərləri ilə bağlı müzakirələrimiz olduqca məhsuldar keçdi: “Bir daha əmin oldum ki, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakultəsi bu peşənin gələcəyi üçün mühüm intellektual bazamızdır. Tələbələrin hazırlıq səviyyəsi bunu deməyə əsas verir”.
Sonda Azərbaycan Mətbuat Şurasının jurnalistika fakultəsinin tələbələrinə bədii ədəbiyyat nümunələri və jurnalistika sahəsindəki vəsaitlər hədiyyə olunub.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyası üzvlərinin Naxçıvana səfəri davam edir.
Xatırladaq ki, nümayəndə heyətinə ÜMŞA-nın rəhbəri Sule Alet, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik edirlər.