Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının nümayəndə heyəti Naxçıvanda səfərdədir - FOTO
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının (ÜŞMA) nümayəndə heyəti Naxçıvana gedib.
Rakus.az xəbər verir ki, məqsəd “Onlayn media və sosial şəbəkələrin məlumat xaosu: jurnalistikaya sadiqlik prinsipləri” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Facebook” səhifəsində yazıb.
O bildirib ki, tədbir çərçivəsində Assosiasiya ilə Naxçıvan Mətbuat Şurası arasında Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulur: ” Nümayəndə heyəti Naxçıvanda xəstəxanada ölkəmizin vətənpərvər oğlu, Krımda Simferopol Dövlət Radiosunun Azərbaycan proqramının qurucusu və rəhbəri Həbib Ağayevi ziyarət etdi. Həbib müəllim sözün əsl mənasında böyük insandır. Çox çətinliklər görüb. Tam təmənnasız, məhrumiyyətlər bahasına ömrünü Azərbaycanın təbliğinə sərf edib. Belə bir insan həqiqətən tapıntıdır. Ona Allahdan şəfa dilədik”.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının nümayəndə heyətinin üzvləri Naxçıvanda Heydər Əliyev muzeyi ilə tanış olublar. Qonaqlara muzeyin eksponatları ilə bağlı ətraflı məlumat verilib.
Xatırladaq ki, nümayəndə heyətinə ÜMŞA-nın rəhbəri Sule Alet, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik edirlər.