Uşağın cinsi belə formalaşır
Daxilində 46 sayda xromosom olan digər bütün insan hüceyrələrindən fərqli olaraq, yumurta hüceyrəsi və spermatozoidin daxilində yalnız 23 sayda xromosom olur.
Sual oluna bilər ki, bəs nə ücün bu belədir? İlkin olaraq xromosomun nə olduğunu izah edək. İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir. Hər bir insan hüceyrəsinin nüvəsində xromosomlar yerləşir. Hər bir xromosom minlərlə sayda genlərə malikdir. Hər bir gen isə insanın yalnız bir əlaməti (məsələn, gözlərin, dərinin rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s.) barədə məlumatın daşıyıcısı olur.
Deyildiyi kimi, insan orqanizminin bütün hüceyrələrində (dəri, əzələ, sümük, müxtəlif orqan və toxuma hüceyrələri) 46 sayda xromosom olur ki, onların da 22 cütü insanın müxtəlif əlamətləri və xüsusiyyətləri barədə məlumatların daşıyıcılarıdır. Bu hüceyrələrin daxilindəki sonuncu 1 cüt xromosom isə cinsi xromosomlardır. Qadınlarda cinsi xromosomlar eyni (X-iks və X-iks), kişilərdə isə müxtəlif (X-iks və Y-iqrek) olur. Beləliklə, qadın xromosom dəsti – 46, XX, kişi xromosom dəsti isə – 46, XY-dir.
Yumurta hüceyrəsi və spermatozoidin hər birində 23 sayda xromosom vardır. Mayalanma zamanı bunların birləşməsi nəticəsində yeni orqanizm hüceyrəsi əmələ gəlir və onun da daxilində 46 sayda (23 sayda anadan + 23 sayda atadan) xromosom olur.
Birləşməyə (mayalanmaya) hazır olan cinsi hüceyrələr (yumurta hüceyrələri və spermatozoidlər) qamet adlanırlar. Qadın qametləri ancaq bir növə malik olur – 23, X. Kişi qametləri isə iki növ olur: 23, X və 23, Y. Qadın cinsi hüceyrəsini X-spermatozoid və ya Y-spermatozoid mayalandıra bilər. Buna görə də əgər qadın cinsi hüceyrəsini X-spermatozoid mayalandırarsa qız (23, X ana + 23, X ata = 46, XX) uşağı, Y-spermatozoid mayalandırarsa oğlan (23, X ana + 23, Y ata = 46, XY) uşağı dogulmuş olur. (Milli.az)