ÜST: 200 vaksin kliniki sınaqlar mərhələsindədir
Hazırda COVID-19-a qarşı 200 vaksin kliniki və klinikəqədər sınaqlar mərhələsindədir. Hələ ki, onlardan ən azı birinin işə yarayacağına heç bir zəmanət yoxdur. Lakin 2021-ci ilin sonunadək 2 milyard doza effektli və təhlükəsiz vaksinə sahib olmaqdan ötrü əlimizdən gələni etməliyik.
Rakus.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adhanom Qebreyesus bu barədə Cenevrədə brifinqdə deyib.
Qebreyesus vaksinin işlənib hazırlanması üçün ÜST-nin himayədarlığı ilə yaradılan COVAX Alyansına böyük ümidlər bəslədiyini bildirib.
Doktor Tedros qeyd edib ki, Alyans çərçivəsində aparılan fəaliyyət effektli vaksinin axtarışının yarışma ruhunda deyil, əməkdaşlıq ruhunda icra olunacağına zəmanət verir.
İndiyədək yüksək gəlirə malik 64 ölkə COVAX Alyansına rəsmi olaraq qoşulub. Sənaye cəhətdən inkişaf etmiş daha 38 ölkə müvafiq sənədi ən yaxın günlərdə imzalayacaq. Alyansın tərkibində, həmçinin aşağı gəlirə malik 92 ölkə var və onlar maliyyə dəstəyinə ehtiyac duyurlar. Ümumilikdə, bu təşkilat çərçivəsində 156 ölkə vaksinin işlənib hazırlanmasına yardım göstərəcəklərini vəd ediblər, yaxud da ümumi ehtiyatdan vaksinin alınması hüququnu qabaqcadan əldə ediblər. Alyansın iştirakçı-ölkələrinin payına dünya əhalisinin 64 faizi düşür.
Bu təşkilat çərçivəsində dövlətlər maliyyə və elmi resurslarını birləşdirə, hər hansı ayrıca namizəd-vaksinin işlənib hazırlanması zamanı uğursuzluqdan sığortalana və uğurlu tədqiqatların rentabelliyini təmin edə bilərlər.
“COVAX Alyansının məqsədi hamını ədalətli şəkildə koronavirus əleyhinə vaksinlə təmin etməkdir”, – deyən ÜST rəhbəri bütün ölkələri bu Alyansın uğurlarına imkan yaratmağa səsləyib.
ÜST-nin baş direktoru qeyd edib ki, təşəbbüsün həyata keçirilməsi üçün əlavə investisiyalar tələb olunur. Hələ ki, ölkələr koronavirusa qarşı mübarizə vasitəsinin axtarışına, o cümlədən COVAX vasitəsilə 3 milyard dollar ayırıblar. Lakin qarşıya qoyulan məqsədlərə nail olmaqdan ötrü 35 milyard dollar tələb olunur. Onun sözlərinə görə, 15 milyard dollar “dərhal lazımdır”.
ÜST rəhbəri bildirib ki, hazırda COVID-19-a qarşı 200 vaksin kliniki və klinikəqədər mərhələdədir. Bununla yanaşı, o vurğulayıb ki, hələ onlardan ən azı birinin işə yarayacağına heç bir zəmanət yoxdur.
Xatırladaq ki, Azərbaycan GAVI Alyansı (Global Alliance for Vaccines) ilə COVID-19 koronavirusuna qarşı vaksinin alınması barədə razılaşma əldə edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.