Vakant iş yerləri araşdırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemi yaxın günlərdə istifadəyə veriləcək.
Rakus.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, altsistemin əsas üstünlüklərindən biri kimi burada işsiz və işaxtaran vətəndaşlar üçün vakansiya bankı yaradılıb. Hazırda həmin bazaya işəgötürənlər, o cümlədən işəgötürən olaraq fəaliyyət göstərən sahibkarlar tərəfindən vakansiyalar barədə məlumatlar daxil edilir.
İşəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.
Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar.
Hər bir işəgötürən, o cümlədən sahibkar qeyd edilən məlumatları vakansiya bankına daxil etməklə, onlardakı vakant iş yerlərinə vaxt itkisi olmadan, daha asan şəkildə uyğun işçi qüvvəsi tapa bilmək imkanı qazanmaqla, məşğulluq siyasətinin icrasına öz töhfəsini vermiş olur.
Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.