Avstriyada siqaret qadağan edilir
Avstriyada ictimai iaşə obyektlərində siqaretin qadağan edilməsi yenidən gündəmə gəlib.
Rakus.az xəbər verir ki, 2017-ci ildə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyasının (ÖVP) koalisiyalı hökuməti tərəfindən tütün məhsullarının qadağan edilməsinə dair qanun layihəsi parlamentə təqdim olunmuş və qəbul edilmişdi. 2018-ci il mayın 1-dən etibarən qüvvəyə minməli olan qanuna isə 2017-ci ilin payızında qurulan ÖVP və Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiyası mane oldu. Qanun qüvvəyə minməzdən əvvəl ləğv edildi.
Avstriyada həyata keçirilən bir neçə təşəbbüs və yekun olaraq Avstriya Ali Məhkəməsinə verilən şikayət mövzunu siyasi müzakirələr müstəvisində saxlayıb. Artıq ötən ay ÖVP-FPÖ koalisiyası dağıldıqdan sonra ÖVP partiyası mənsubları siqaret qadağası qanununu parlamentdə dəstəkləyəcəklərini bəyan ediblər.
SPÖ bu qərarı alqışlasa da, FPÖ təmsilçiləri bu addımı Avstriya qastronomlarına və ümumilikdə iqtisadiyyata qarşı öldürücü zərbə kimi dəyərləndiriblər.
Bu ay ərzində Ali Məhkəmə siqaret qadağası haqqında qanunun ləğvi məsələsinə hüquqi qiymət verməlidir. Bu qiymətdən asılı olaraq, parlamentdə mövzu ilə bağlı müzakirələrin keçiriləcəyi gözlənilir.