Vətəndaş məmnunluğu ən yüksək həddə çatıb – Muradova
Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir. Görülən işlər nəticəsində ötən bir il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir.
Rakus.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, cənab Prezidentin son bir ildəki fəaliyyətini dəyərləndirmək üçün bir çox parametrlər üzrə ölkəmizin inkişafı, əldə etdiyi uğurlar və s. haqqında danışmaq lazımdır:
“Bu uğurları təmin edən əsas cəhət isə əlbəttə ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra keçən müddət ərzində Azərbaycan dövlətinin yeritdiyi siyasətdir. Bu siyasət “Heydər Əliyev siyasəti” adlanır. Bu siyasətin davamlılığının təmin olunması və Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin bu siyasəti dəstəkləməsi bu günə qədər olduğu kimi, son bir ildə də əldə etdiyimiz nailiyyətlərin əsas bünövrəsi kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin bu siyasətə əsaslanan, 2003-cü ildən davam edən fəaliyyəti nəticəsində Azərbaycan regionun, dünyanın inkişaf edən, nüfuzlu ölkələri sırasına qoşulub, siyasi, hərbi, iqtisadi, sosial, mədəniyyət, humanitar və digər sahələrdə həm ölkə daxilində, həm də xaricində mühüm nailiyyətlər əldə olunub. Təbii ki, həyata keçirilən bütün bu çoxşaxəli siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı, vətəndaş hüquq və azadlıqlarının təmini üçün yaradılan şərait, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bütün bunlar üçün də ən vacib amil olan Azərbaycandakı mövcud ictimai-siyasi sabitlik dayanır”.
Vitse-spiker vurğulayıb ki, istənilən ölkədə bütün bu sadalananlar olmadan hər hansı uğurdan, inkişafdan danışmaq mümkün deyil: “Cənab Prezidentin son bir ildəki fəaliyyəti nəticəsində isə Azərbaycanda vətəndaş məmnunluğu ən yüksək həddə çatıb. Bu illər ərzində həyata keçirilən planlı, məqsədyönlü, ardıcıl, davamlı və dayanıqlı islahatların ümumi nəticəsi bu gün özünü Azərbaycan insanının, vətəndaşının həyatında aydın şəkildə özünü göstərməkdədir”.
B.Muradova qeyd edib ki, görülən işlər bütün vətəndaşlarımızın sosial rifahının yüksəldilməsində, müxtəlif həssas qrupların, qayğıya və diqqətə ehtiyacı olan təbəqələrin, canını Vətən yolunda qurban verməyə hazır olan Azərbaycan əsgərinin həyatında, eləcə də gənclərin həm ölkənin həyatında rolunun artırılmasında, həm də dövlət qurumlarında müxtəlif səviyyələrdə işə cəlb olunmasında, qadınların cəmiyyət və dövlət həyatında rolunun artırılmasında və s. özünü büruzə verib:
“Azərbaycan Prezidentinin son bir ildə fəaliyyətinə toxunarkən daha sıx prezident-xalq birliyini, bu birliyin istənilən çağırışa, təhlükəyə qarşı dayandığını aydın şəkildə görə bilərik. Təsadüfi deyil ki, Fransanın nüfuzlu “Opinion Way” təşkilatının keçirdiyi rəy sorğusunda da xalqın Azərbaycan Prezidentinə getdikcə artan dəstəyi öz əksini tapıb. Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir ki, bu da bütün bu görülən işlərin nəticəsidir”. (Trend)