YENİLƏNDİ: Videogörüntülərə aydınlıq gətirildi – Bakı Aeroportu - VİDEO
İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.
Rakus.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.
Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:
“Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcək”. (report.az)
09:09
Heydər Əliyev Beynəlxalq Aeroportu sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım avtomobillərinin görüntüləndiyi videomateriala aydınlıq gətirib.
Rakus.az xəbər verir ki, Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.
“Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdəki çoxsaylı təcili tibbi yardım avtomobilləri bununla izah olunur”- deyə məlumatda vurğulanıb.
Eyni zamanda, bildirilib ki, Bakıya gələn 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbidir.