Xalq 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir - FOTO - VİDEO
Azərbaycanda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına xalqın ziyarəti başlayıb.
Rakus.az xəbər verir ki, səhər saatlarından başlayaraq soyuq hava şəraitinə baxmayaraq, çox sayda insan Şəhidlər xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edir.
Matəm günü ilə əlaqədar şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların məzarları önünə əklil və gül dəstələri qoyurlar.
Xatırladaq ki, 20 Yanvar şəhidlərindən biri də 1964-cü il martın 21-də Qərbi Azərbaycanın (Ermənistan SSR) Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kəndində anadan olan Oqtay Eyvaz oğlu Kərimovdur. O, 28 nömrəli təmir-tikinti idarəsində fəhlə işləyib. O dövrdə subay idi. Atası Kərimov Eyvaz Kərim oğlu 1988-ci ilin dekabrında dədə-baba yurdundan, — Göyçədən qovulub. Qara Yanvar gecəsi Oqtay eşidib ki, “Gənclik” metrosunun yanında əsgərlər günahsız adamları qırır, onlara kömək etmək üçün metronun yanına gəlir. Stadionun şimal qapısının yanında hərbçilər yaralılara kömək edənləri də güllələyib. Onların içində Oqtay da olub. Yaralanandan sonra təxminən 3 saat vurulduğu yerdə qalıb. Çoxlu qan itirib.
Mərhumun meyidini yanvarın 21-də mərkəzi ölüxanadan tapıblar. Hazırda Şəhidlər xiyabanında uyuyur. Bakı şəhərində küçələrin birinə onun adı verilib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. 36 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.
ziyarət edir.




.jpg)

















