Paytaxtda dilənçi həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyəcanlı xəbər oldu. Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi.
Rakus.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Qeyd edib ki, bu əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hadisədən nəticə çıxarılmalıdır.
E.Hacıyev deyib ki, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyi aktuallaşır:
“Təkcə Azərbaycan deyil, Avropa ölkələrinin də təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var.
Əmək qabiliyyəti olan, ancaq işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai yerlərdə nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakı müşahidə olunur.
İyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından üç yaşlı Z.Bağırovanın, avqustun 15-də isə yeddi yaşlı R.Mirzəyevin və bacısı, altı yaşlı Mələyin oğurlanması ilə təkrarlanan növbəti hadisə zamanı polisin bu istiqamətdə tədbirləri nəticəsində azyaşlıların məhz dilənçilərdə olduğu aşkar edilib”.
Polis mayoru qeyd edib ki, bu hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olmalı, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmamalı, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymamalıdırlar:
“Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir. Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər.
Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, qapını bağlamağı unudulan yaşayış yerlərinə daxil olmaqla oğurluqlar edirlər, yaxud fala baxaraq insanları çaşdırır, onları duyğuları ilə oynayırlar.
Daha peşəkarları insanlara yaxınlaşaraq “nəsə probleminiz var, nəsə gözləntiniz var”, – deyə müraciət edir, “kömək” təklif edirlər. Təbiidir ki, cəmiyyətdə hamının nəsə gözləntisi var.
“Vəziyyətdən çıxış yolu var” deyib, müxtəlif magik-dini jarqonlarla insanları ələ almaqla onları talayırlar. Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə, bir növ, arendaya verir, ödəniş müqabilində qazanc əldə edirlər”.
E.Hacıyev əlavə edib ki, cəmiyyətin azyaşlılara münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər:
“Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Və hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Əgər cəmiyyət onlara “nəzir” verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaq.
Qeyd olunanları nəzərə alaraq, ictimaiyyət nümayəndələrini, qeyri-hökümət təşkilatlarını, mətbuatı – qəzet, informasiya saytlarını, televiziyaları, radioları polisin dilənçilərə, dilənçilik həyat tərzi keçirən şəxslərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatdırmağa, polisin mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırırıq”.