Xəzərdə ən dərin quyu qazıldı
Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.
Rakus.az xəbər verir ki, quyu bu il aprelin 15-də saat 13:00-da 7411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur.
Qazma qurğusu “Kaspian Drilinq Kompani Limited” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırkı quyu Heydər Əliyev adına yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.
Xatırladaq ki, qurğu JOCAP (Joined Operating Company Absheron Petroleum) “SOCAR Absheron” və “Total E&P Absheron” bərabər paylarla iştirak etdiyi birgə müəssisə) operatoru olduğu “ABD-001” yatağında qazma işləri zamanı “Kaspian Drilinq Kompani Limited” MMC-nin idarəçiliyi altındadır.