Xəzərdə suyun səviyyəsi kəskin azalmayacaq – RƏSMİ
“Son vaxtlar Xəzər dənizinin səviyyəsi ilə bağlı müxtəlif fikirlər mətbuatda yer alır. Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər”.
Rakus.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva fərziyələrdən birinin dənizin gələcəkdə 9-18 metr aşağı düşəcəyi haqqında proqnozla bağlı olduğunu deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyə dəyişmələrinə aid açıqlamalar vaxtaşırı mütəxəssislər tərəfindən daim işıqlandırılır: “Bu cür proqnozların heç bir tarixi əsası yoxdur və yalnız yüzdə bir faiz ehtimal oluna biləcək bir fərziyyə kimi nəzərə alınmalıdır”.
U.Tağıyeva qeyd edib ki, ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunan səviyyə tərəddüdləri mütəmadi xarakter daşıyıb: “Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunan ən aşağı həddə – Baltik sistemi ilə -29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq -26,5 metrə çatıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun sözlərinə görə, Xəzər dənizi üzərində aparılmış uzunmüddətli müşahidələrə əsasən dənizin səviyyəsinin dəyişmə amplitudası son 100 ildə 3 metrdən artıq olmayıb: ““Avropalı alimlərin verdiyi proqnoz, onların Xəzər dənizinin cazibə səviyyəsi barədə anlayışlarının olmadığını göstərir. Cazibə səviyyəsi o deməkdir ki, dənizin səviyyəsi qaxdıqca güclü buxarlanma baş verir və səviyyənin aşağı düşməsinə səbəb olur. Səviyyə azalanda dənizdə buxarlanma da azalır və nəticədə suyun səviyyəsinin yenidən qalxır.
Riyazi modellərin nəticələrinin təhlilində istənilən ərazinin təbii-coğrafi şəraiti nəzərə alınmalıdır. Əks halda həqiqətəuyğun olmayan bu cür yanlış proqnozlar üzə çıxmış olur. Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Bunun səbəbi iqlim faktoru ilə bağlı kifayət qədər qeyri-müəyyənliklərin olması, dənizə tökülən iri çayların sululuğunun həcmi, baş verən dənizdibi tektonik proseslər və digər amillərlə izah edilir”.